sehiyye.info

Krım-Konqo qızdırması ilə bağlı epidemioloji vəziyyət nəzarət altındadır

Krım-Konqo qızdırması ilə bağlı epidemioloji vəziyyət nəzarət altındadır
“Azərbaycanda Krım-Konqo hemorragik qızdırması ilə bağlı epidemioloji vəziyyət stabildir və nəzarət altındadır”.

Bunu Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyanın direktoru Tahir Vəliyev deyib. Onun sözlərinə görə, bu xəstəliyə yoluxma əsasən gənə dişləməsi zamanı, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir: "Xəstəliyin əlamətləri yüksək hərarət, üşütmə, əzələ ağrıları, baş ağrısı, ürək bulanma, qusma, ishal, dəridə səpki və qanaxmalardır. Xəstəliyin ölüm əmsalı 40% təşkil edir və müalicəsi simptomatikdir”.

T. Vəliyev qeyd edib ki, heç bir ölkə, o cümlədən də Azərbaycan xəstəlikdən sığortalanmayıb: "Bunun qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin aparılması məqsədəuyğundur. Krım-Konqo hemorragik qızdırma xəstəliyi barədə tibb işçilərinin məlumatlılığının artırılması, şübhəli xəstələrin dərhal təcrid olunması, onlar barədə məlumatların Gigiyena və Epidemiologiya Mərkəzlərinə verilməsinin təmin edilməsi, habelə şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyaya çatdırılması, tibb müəssisələrində əksepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi, Respublika Sanitariya–Karantin Müfəttişliyinin imkanları ilə sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanlarından Krım-Konqo hemorragik qızdırma xəstəliyi yayılmış ölkələrdən gələn insanlar üzərində tibbi müşahidələrin təmin edilməsi lazımdır”.

T. Vəliyev qeyd edib ki, Krım-Konqo qızdırması Azərbaycan üçün xas xəstəlik deyil. Son 30 il ərzində ölkə ərazisində bu xəstəlik qeydə alınmayıb, eləcə də tibb idarələrindən Respublika Taun Əleyhinə Stansiyaya nümunələr daxil olmayıb.//Apa.az



REKLAM