Azərbaycan Tibb Universitetində xəstənin bağırsağından nəhəng törəmə çıxarılıb
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasına müraciət edən 55 yaşlı qadının qarın boşluğundan nəhəngölçülü törəmə çıxarılıb. Həkimlər nazik bağırsağa birləşən parazitar miomanı ətraf toxumalardan uğurla ayırmağa nail olublar. Xəstə əməliyyatdan üç gün sonra evə yazılıb.
Sehiye.info bildirir ki,bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatı aparan klinikanın həkimi Əkbər İbrahimovun sözlərinə görə, qadın Ukraynadan gəlib: “Ultrasəs müayinəsi və kompüter tomoqrafiyası zamanı onun qarın və çanaq boşluğunu bütünlüklə dolduran, uşaqlıq mənşəli, 35 santimetr ölçüyə malik abdominal-pelvik törəmə aşkarlanıb. Çəkisi 125 kiloqram olan xəstə həmçinin piylənmədən əziyyət çəkib. Onda aşağı ətrafların dərin venoz trombozu və ağciyər trombemboliyası anamnezi mövcud olub. Xəstədə laparotomiya əməliyyatı icra olunub. Əməliyyat zamanı nazik bağırsaqlardakı damarlar vasitəsilə zəngin qidalanmış nəhəng parazitar miomaların olduğu müəyyənləşdirilib. Həkimlər xəstənin nazik bağırsağına və mezosuna zərər vermədən törəməni bütün şəkildə ətraf toxumalardan ayırıb çıxarıblar. Əməliyyatdan üç gün sonra xəstə evə yazılıb”.