Xalazion nədir?
Səhər yuxudan oyananda göz qapağında şişkinlik görmüsünüz? Çox həyəcan keçirməyə dəyməz. Bu sadəcə meybomi vəzinin axacağının tutulması ola bilər.
Xalazion - göz qapağlarında olan xəstəliklərdən ən çox rast gəlinəndir. Belə bir hal hər iki gözdə eyni vaxtda da ola bilər.
Sehiyye.info sahhat.az-a istinadən bildirir ki, xalazion və itdirsəyi eyni poblem deyil. İtdirsəyi adətən infeksion mənşəli olur, stafilokokk tərəfindən törədilir. Kirpiklərin tük kisəsinin iltihabı olduğu üçün iltihaba məxsus bütün əlamətlər - şişkinlik, hiperemiya, ağrı, irinləmə müəyyən olunur. İtdirsəyi adətən immun sisteminin zəifləməsi fonunda, soyuqlama, stress, KRX faktorlarının təsirindən əmələ gəlir.
Xalazionun əmələ gəlmə səbəbi isə meybomi vəzilərinin axacaqlarının tutulmasıdır. Meybomi vəziləri gözləri nəmləndirən və qoruyan yağabənzər sekret hazırlayır. Həmin sekret həddindən artıq qatı olsa və yaxud meybomi vəzilərində əvvəllər hər hansı səbəbdən iltihabi proseslər baş veribsə xalazion əmələ gələ bilər.
Xalazion palpasiyada hərəkətli olur, dəriyə bitişmir. Dəridə şişkinlik, qızartı və toxunanda ağrı az olur. Bir neçə gündən sonra ağrı keçir, şişkinlik isə qalır. Təəssüf ki, xalazion təkrarlana bilər və ya başqa nahiyyədə yenisi əmələ gələ bilər.
Diaqnozun qoyulması üçün xüsusi testlər yoxdur və həkimin adi baxışı zamanı simptomlar əsasında qoyulur.
Müalicə mütləq həkimin təyinatı ilə aparılmalıdır.