25 may - Dünya Qalxanabənzər Vəzi Günüdür.
Bütün dünyada 2009-cu ildən başlayaraq mayın 25-i Dünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir. Günün təsisolunma təşəbbüsü qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tireoid Assosiasiyası tərəfindən irəli sürülüb.
Sehiyye.info AZƏRTACa istinadənxəbər verir ki, Azərbaycanda Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd olunmağa başlayıb. Bu günün qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir.
Tibbi statistikaya əsasən dünya əhalisinin üçdəbiri bu orqanın fəaliyyət pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir. Böyüklərin təxmini 30 faizinin boğaz nahiyələrində düyünlər müşahidə edilir. Yod çatışmazlığından əmələ gələn qalxanabənzər vəzinin böyüməsi isə insanların 10-30 faizində rast gəlinir.
Qeyd edək ki, qalxanabənzər vəzi boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Qalxanabənzər vəzi tireoid hormonları hasil edir və bu hormonlar bütün orqanizmin fəaliyyətinə təsir göstərir–maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımını və orqanizmin inkişaf prosesini və s. tənzimləyir. Qalxanabənzər vəzi ümumi hormonal sistemin “dirijoru” adlandırırlar. Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirir. Qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Yod insan orqanizminin fəaliyyəti üçün önəmli elementdir.