Gömrük Hospitalının əməkdaşları “Florence Nightingale”də təkmilləşdirmə kurslarına başlayıb
Mərkəzi Gömrük Hospitalının 4 əməkdaşı Türkiyənin “Florence Nightingale” Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçməyə başlayıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Gömrük Hospitalın Ümumi cərrahiyyə şöbəsinin böyük tibb bacısı Amalya Əliyeva, Kardiocərrahiyyə və Qadın doğum şöbəsinin böyük tibb bacısı Ətayə Novruzova, Anesteziologiya, reanimasiya, intensiv terapiya şöbəsinin tibb qardaşı Simran Məmmədov və Angiologiya, Radiologiya şöbəsinin texniki Cəfər Cəfərov bir ay müddətinə “Florence Nightingale”yə ezam olunub. Əsas məqsəd tibbin müasir metodlarını, yeniliklərini öyrənmək, praktiki, nəzəri biliklərini təkmilləşdirmək və qabaqcıl beynəlxalq təcrübəni Mərkəzi Gömrük Hospitalında tətbiq etməkdir.
Həmin əməkdaşlar iyulun 8-dən avqustun 3-dək “Florence Nightingale”də öz sahələri üzrə işləyərək beynəlxalq təcrübə qazanacaq, eyni zamanda, Dəmiroğlu Bilim Tibb Universitetinin Orta tibb işçiləri fakültəsində dərslər keçərək nəzəri biliklərini artıracaqlar.
Sözügedən təkmilləşdimə kursu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və “Florence Nightingale” arasında cari il mayın 3-də imzalanmış memoranduma əsasən həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində Mərkəzi Gömrük Hospitalının həkimlərinin, tibb personalının müntəzəm olaraq “Florence Nightingale”də təkmilləşdirmə kurslarında iştirak etməsi, qarşılıqlı elmi-praktiki tədbirlərin, müştərək elmi-tədqiqat işlərin və tibbi araşdırmaların keçirilməsi nəzərdə tutulub.