sehiyye.info

Cəbhə bölgəsində uşaqların tibbi müayinəsi üçün xeyriyyə aksiyası təşkil edilib

Cəbhə bölgəsində uşaqların tibbi müayinəsi üçün xeyriyyə aksiyası təşkil edilib
Azərbaycan Pediatrlar Assosiasiyası Ağdam rayonu istiqamətində “Dörd yol ayrıcı” adlanan ərazidə yaşayan uşaqlar üçün pulsuz müayinə aksiyası keçirib.

Sehiyye.info xəbər verir ki,Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Oftalmoloqlar Cəmiyyətinin nümayəndələrinin yaxından iştirakı ilə təşkil olunan aksiyanın əsas məqsədi həmin ərazidə məskunlaşmağa məcbur olmuş uşaqlar və ailə üzvlərinə yardım göstərmək, onların müayinə və müalicəsini təşkil etməkdən ibarət olub.

Tibb Universitetinin uşaq xəstəlikləri kafedrasının müdiri, akademik Adilə Namazovanın başçılıq etdiyi pediatr, oftalmoloq, uşaq stomatoloq və nevropatoloqlardan ibarət 24 nəfərlik həkim briqadası həmin bölgədə yaşayan hər bir uşağı kompleks tibbi müayinədən keçirib, problemi aşkarlanan azyaşlılara müalicə təyin edib, valideynlərə müvafiq məsləhətlər veriblər. Müayinədən keçirilən uşaqların bəziləri ölkəmizin ixtisaslaşmış tibbi mərkəzərinə yönləndiriliblər.

Ümumilikdə aksiyada Ağdamın 18-dən çox kəndindən olan 1000-ə yaxın məcburi köçkün iştirak edib, 325 uşaq ödənişsiz kompleks müayinədən keçirilib. Eyni zamanda, stomatoloqlar tərəfindən 95 uşağın ağız boşluğunun müayinəsi və sanasiasiyası aparılıb. Məcburi köçkün ailələrinin uşaqlarına hədiyyələr təqdim olunub.



REKLAM