Milli Oftalmologiya Mərkəzinin Şəki şəhərində keçirdiyi aksiya çərçivəsində 204 nəfər müayinə olunub
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti aksiyasını fevralın 28-də və martın 1-də Şəki şəhərində keçirib.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati metodik bölməsindən AZƏRTAC-a verilən xəbərə görə, aksiya zamanı 204 nəfər müayinə olunub. Müayinələr zamanı pasiyentlərdə ən çox refraksiya patologiyaları - miopiya, hipermetropiya, astiqmatizm, o cümlədən katarakta aşkarlanıb.
Aksiyanın keçirilməsində məqsəd sakinləri operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir.
Qeyd edək ki, hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.