Tük dönməsi (Pilonidal sinus) haqqənda. Həkim məsləhəti

İnsanlarda elə bir xəstəlik var ki, onları adi və ötəri hesab edirik, ciddi qəbul etmirik və vaxtında tədbir görülmədikdə bu problemlər həm fiziki narahatlıq, həm də psixoloji gərginlik yaradır.
Sehiyye.info olaraq tanınmış həkim terapevt Nərminə Abbasova ilə bu dəfə belə nadir halda rast gəlinən "tük dönməsi" haqqında oxucuları məlumatlandırmağa çalışdıq.
Tük dönməsi barədə insanlarda məlumat azlığı, yanlış ifikirlər və ev şəraitində özbaşına “müalicə üsulları” tez-tez xəstəliyin ağırlaşmasına və əlavə infeksiyalara yol açır.
Həkim bildirdi ki,insanları maarifləndirmək lazımdır.Bizdə ailə həkimi institutu kifayət qədər inkişaf etməyib.Ona görə də insanlar adi bir problemin həllini tapa bilmir.Halbu ki, ailə həkimi ailədəki bütün üzvlərinin bir-bir hansı xəstəliyini və ya narahatçılığını bilməli və digər həkimlərə yönəltməlidir.
Nədir tük dönməsi – ?
Tibb ədəbiyyatında “pilonidal sinus” əsasən bədənin aşağı bel (sakrokoksigeal) nahiyəsində, bəzən isə göbək, qoltuqaltı və ya bığ-saqal kimi bədən nahiyələrində inkişaf edir. Xəstəliyin mahiyyəti ondan ibarətdir ki, tük (bəzən xarici cisim və ya ölü dəri hüceyrələri ilə birgə) dəriyə tərs istiqamətdə daxil olur, orada qapanıb qalır, bədən bu yad cismi xaric etməyə çalışarkən iltihabi proses yaranır və nəticədə xroniki irinli fistul, şişlik, ağrı və iltihab baş verir.
Bu xəstəliyin ən çox yayılmış forması bel və quyruq sümüyü nahiyəsində, dərinin içərisində “tunel” və ya “cib” formasında kapsullaşır. Bu “tunel”in içərisində çox vaxt bir neçə tük, ölü dəri hüceyrəsi və bəzən mikroblar toplanır. Orqanizmin immun cavabı nəticəsində bəzən həmin sahədə şişkinlik, qızartı, qıcıqlanma, irin axını və kəskin ağrı yaranır.
Pilonidal xəstəlik ən çox 15-35 yaş arası gənclər və orta yaşlı kişilərdə rast gəlinir, lakin qadınlarda da müşahidə oluna bilər. Xəstəlik həm həyat tərzi, həm genetik faktorlar, həm də bəzi fiziki xüsusiyyətlərlə əlaqəlidir.
Tük dönməsinin yaranma səbəbləri :
Sıx və qalın tük örtüyü: Xüsusilə bel və quyruq sümüyü nahiyəsində tük örtüyünün sıx və sərt olması, qıl dönməsi riskini artırır.
Genişlənmiş və dərin dərialtı qatlardakı “çuxur”: Bəzi insanlarda bel çuxuru və dəri altı boşluq daha dərindir, tük və toz asanlıqla bu boşluğa yığıla bilir.
Hərəkətsizlik və uzun müddət oturaq həyat:
Oturaq iş, uzun müddət avtomobil idarəetməsi və fiziki passivlik tükün dərialtı qatlara təzyiq göstərməsinə səbəb olur.
Geniş bədən quruluşu və artıq çəki: Kilolu insanlarda dərialtı təzyiq daha yüksək olur, tükün dərinin içinə girməsi asanlaşır.
Pis gigiyena və tərləmə:
Dəri təmizliyinə lazımi diqqət yetirilmədikdə, həddindən artıq tərləmə və dəridə mikrotravmalar yarananda, tük və çirk asanlıqla dərialtı boşluqlara daxil olur.
Genetik meyillilik:
Bəzi ailələrdə qıl dönməsi halları daha çox rast gəlinir, genetik faktorlar riskin artmasına səbəb ola bilər.
Bəzi hallarda dəridə yaranan kiçik zədələr, çapıqlar, sıx paltarlar, hətta gigiyenik qaydalara tam əməl edilməməsi də qıl dönməsi riskini artırır.
Tük dönməsinin müalicəsi necə aparılır ?
Nərminə Abbasova bildirdi ki, tük dönməsi müalicəsinin edilə bilməsi üçün əvvəlcə bölgədə inkişaf edən apsenin (infeksiya sahəsi) boşaldılması lazımdır. Apse tamamilə boşaldıldıqdan və müalicəsi təmin edildikdən 1-2 ay sonra tük dönməsi müalicəsi tətbiq olunur. Apse boşaltma əməliyyatı müasir klinik və xəstəxanalarda 5 dəqiqə kimi qısa bir zaman ərzində edilir. Dəri üzərində iz buraxmayan kiçik bir kəsik ilə apse boşaldılır,çirk çıxardılır və içi xüsusi bir maye ilə təmizlənərək bağlanılar.
Bu prosesi həyata keçirərkən ümumi cərrah və ya neyrocərrahın təcrübəli olması əsas şərtdir.