“Mozalan”ın personajı TƏBİB-in yeni rəhbərliyinə bənzədildi – VİDEO

TƏBİB-ə təyin edilən yeni rəhbər Anar Bayramovun son fəaliyyəti cəmiyyətdə birmənalı qarşılanmır. O, vəzifəyə başladığı gündən etibarən qurumun tabeliyində olan bir sıra tibb müəssisələrində rəhbər vəzifə tutan həkimləri işdən azad edib.
Sehiyye.info xəbər verir ki, bu işdən çıxarmalar ölkədə ciddi narahatlıq doğurub. Belə ki, vəzifədən uzaqlaşdırılan şəxslərin yerinə kimlərin təyin ediləcəyi – peşəkar kadrların, yoxsa qeyri-peşəkarların gətiriləcəyi sual altındadır.
Sosial şəbəkə istifadəçilərinin bir qismi öz paylaşımlarında bildirir ki, yeni təyin olunan şəxslər əvvəlkiləri aratdıracaq. Hətta indidən işdən çıxarılan peşəkar həkimlərin ölkəni tərk edəcəyi ilə bağlı iddialar da səsləndirilir.
Bir sözlə, cəmiyyətdə belə bir narahatlıq var ki, “islahat” adı ilə təqdim olunan bu proses sonda xalqın və xəstələrin maraqlarına zidd nəticələrə gətirib çıxara bilər.
Artıq sosial şəbəkələrdə 1980-ci illərin ortalarında çəkilmiş Mozalan kinojurnalına məxsus “Tərsinə” qısametrajlı süjeti kütləvi şəkildə yayılır və bu video TƏBİB-in hazırkı siyasəti, eləcə də yeni rəhbərliyin tutduğu xəttlə müqayisə olunur.