sehiyye.info

TƏBİB sədri: “Həkim heç cür, hətta kiçik səhv və ehtiyatsızlıq edə bilməz” - MÜSAHİBƏ + FOTO

TƏBİB sədri: “Həkim heç cür, hətta kiçik səhv və ehtiyatsızlıq edə bilməz” - MÜSAHİBƏ + FOTO
Həm pasiyent, həm də həkimlər öz hüquqlarını bilsələr, pozuntular azalar”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov “Report”a müsahibəsində deyib.

Haşiyə: İxtisasca həkim olan V.Qurbanov Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. Uzun müddət 5 nömrəli Şəhər Klinik Xəstəxanasında həkim-nevroloq kimi fəaliyyət göstərib.

İcbari tibbi sığortanın ilk tətbiq olunduğu dövrdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində rəhbər vəzifələrdə çalışan V.Qurbanov 2021-22-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib.

8 sentyabr 2022-ci ildə TƏBİB-in icraçı direktoru təyin edilib.

- Vüqar müəllim, il artıq başa çatır. TƏBİB-in 2022-ci ildəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- İlk olaraq bildirim ki, Azərbaycan Prezidentinin 20 dekabr 2018-ci il fərmanına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirir.

Fəaliyyətimizin əsas məqsədi tabeli tibb müəssisələrində tibbi xidmətlərin təşkili və keyfiyyətin yüksəldilməsidir.

TƏBİB-in tabeliyində inzibati ərazi vahidləri üzrə qruplaşdırılan 13 tibbi ərazi bölməsi (Gəncə, Bakı, Sumqayıt, Bərdə-Yevlax, Şəki-Zaqatala, Göyçay-Kürdəmir, İmişli-Sabirabad, Lənkəran, Şəmkir-Tovuz, Dağlıq Şirvan, Quba-Xaçmaz, Cəlilabad-Salyan, Ağdam-Ağcabədi tibbi ərazi bölmələri) fəaliyyət göstərir.

Yola salmaqda olduğumuz ili ümumilikdə TƏBİB üçün əlamətdar hesab etmək olar. Bu il Prezident İlham Əliyevin səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmanına əsasən, TƏBİB-in yeni idarəetmə mexanizmi formalaşdırılıb. Bu fərmanla TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti ölkə başçısının vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər dörd üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.

Bundan əlavə, bu il “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq Xidmətlər Zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, habelə həmin qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tarifləri müəyyən edildi.

Eyni zamanda, TƏBİB tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirir, habelə “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə çıxışını və göndəriş barədə məlumatların Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin edir.

Bir məqamı da qeyd edim ki, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri (TƏBİB-in tabeliyində olan tibb müəssisələri) tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.

- Gələn il üçün müəyyənləşdirdiyiniz əsas hədəflər hansılardır? Əhaliyə tibbi xidmətlərin göstərilməsi sahəsində yeniliklər gözlənilirmi?

- Gələn ildən TƏBİB tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində rəqəmsallaşdırma işlərinin yekunlaşdırılmasını və dövlət proqramlarının icrasını və həmin proqramlarda nəzərdə tutulmuş qaydada dərman vasitələrinin təchizatını təmin edəcək.

2023-cü ildə qarşıya qoyulan hədəflər arasında ana və uşaq sağlamlığı ilə bağlı tədbirlərin gücləndirilməsi, bununla bağlı neqativ halların azaldılması, vətəndaşların tibbi xidmətlərdən məmnunluq səviyyəsinin artırılması, xidmətlərə əlçatanlığın artırılması, tibbi ərazi bölmələrinin mərkəzlərində regional çoxprofilli xəstəxanaların qurulması əsas hədəflərdəndir. Xəstəliklərin daha erkən aşkarlanması məqsədi ilə profilaktik xidmətləri inkişaf etdirmək, ölüm səbəbləri arasında əsas yer alan xəstəliklərin (qan dövranı sistemi xəstəlikləri, bədxassəli törəmələr, sinir, endokrin, tənəffüs sistemi xəstəlikləri və s.) qarşısının alınması, erkən aşkarlanması və müalicəsinə yönəlmiş kompleks tədbirlərin icrasını da növbəti ildə davam etdirəcəyik. Təbii ki, görüləcək işlər arasında ilkin səhiyyə xidmətlərində (İSX) tibbi xidmətin keyfiyyətinin artırılması, əlçatanlığın təmin edilməsi məqsədilə Ailə həkimi institutunun möhkəmləndirilməsi, kadr ehtiyatlarının say və keyfiyyət baxımından yaxşılaşdırılması, mövcud potensialdan səmərəli istifadə edilməsi və beynəlxalq təcrübələrin İSX-də tətbiqinin genişləndirilməsi də öz əksini tapır.

Eyni zamanda, tibb müəssisələrinin dərman təchizatının yaxşılaşdırılması və müasir tibbi avadanlıqlar ilə təminatı, tibb müəssisələrində istifadə edilən xəstəxana informasiya sisteminin və digər elektron xidmətlərin istifadəsinin təkmilləşdirilməsi də planlarımız arasındadır.



- Son iki ildə koronavirus səbəbindən TƏBİB-in tabeliyindəki xəstəxanalar, demək olar, gücləndirilmiş iş rejimində fəaliyyət göstərirdi. Bu gün ölkədə koronavirusa yoluxma halları azalıb. Ümumilikdə, ötən dövrdə xəstəxanaların, tibb işçilərinin bu istiqamətdəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Pandemiya dövrü yoluxucu xəstəliklərə diqqəti artırdı. TƏBİB yaranan gündən bütün tibb müəssisələrində “İnfeksiyalara nəzarət” sisteminin qurulması istiqamətində işlərə başladı. Bu gün əldə etdiyimiz nailiyyətlərimiz ölkə rəhbərliyinin səhiyyə sisteminə göstərdiyi diqqət və qayğının nəticəsidir.

2020-ci ilin əvvəlindən Azərbaycan Prezidentinin rəhbərliyi ilə pandemiyaya hazırlıq tədbirlərinə başlanılıb. Vaxtında və düzgün verilən qərarların nəticəsi olaraq Azərbaycan pandemiyanın idarəolunmasında, ÜST qiymətləndirməsinə görə, müsbət təcrübə əldə etmiş ölkələr siyahısındadır.

Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib. Bu tədbirlər planında TƏBİB-in üzərinə düşən tapşırıqlar da yer alıb.

Qısa müddətdə TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində PZR müayinələrini həyata keçirən, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar quruldu, personal təlimlərə cəlb olundu. Belə ki, hazırda TƏBİB tabeliyində olan tibb müəssisələrində (Bakı şəhərində 5 və regionlarda 10 olmaqla) 15 PZR laboratoriyası fəaliyyət göstərir. Bütün ölkə ərazisində testlərin götürülməsi və laboratoriyalara daşınması təmin olunur.
TƏBİB sədri: “Həkim heç cür, hətta kiçik səhv və ehtiyatsızlıq edə bilməz” - MÜSAHİBƏ + FOTO
Müasir elektron qeydiyyat sistemi qısa müddətdə tətbiq olundu, “e-tabib” mobil tətbiqi istifadəyə verildi.

Modul tipli xəstəxanaların qurulması 2 000-ə yaxın çarpayı fondunun artmasına səbəb oldu, “Yeni Klinika” istifadəyə verildi.

Tibbi avadanlıqların alınması (süni tənəffüs cihazları, EKMO və s.), dərmanlar, tibbi ləvazimatlar, fərdi qoruyucu vasitələr və dezinfeksiyaedici vasitələrin təminatı həyata keçirildi.

Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində mütəmadi olaraq TƏBİB tabeliyində çalışan onlarla tibbi personal Azərbaycanda və ölkə xaricində təşkil olunan elmi və praktiki konfrans və təlimlərə cəlb olunublar.

2022-ci ilin son həftələrində yoluxma hallarında 50% azalma müşahidə edilib.

2021-ci ildə gündəlik ortalama yoluxma 1 091, 2022-ci ildə 607 olduğu halda, noyabr ayı ərzində isə bu göstərici 35 olub. 2022-ci il üzrə müsbət nəticələrin ümumi testlərdə payı (yoluxma əmsalı) ortalama 7%, son iki ay üzrə ortalama isə 2,2% təşkil edib.

Hospitalizasiya əmsalı 2021-ci ildə 11,7% , 2022-ci il üzrə isə 3 dəfə azalaraq 3,7% olub. Qeyd edilmiş statistik məlumatlara əsasən, ötən dövrlərlə müqayisədə COVID-19-a yoluxma minimal həddədir. Qeyd etməliyəm ki, pandemiyanın vahid mərkəzdən idarəedilməsi - Operativ Qərargahın yaradılması, vaksinasiya kampaniyasının effektiv və vaxtında təşkil edilməsi, yoluxmaların fonunda təbii immunitetin yaranması bizi bu sınaqdan üzüağ çıxardı.

- Hazırda TƏBİB-in tabeliyində olan xəstəxanalarda maddi-texniki bazanın vəziyyəti necədir? Çünki bəzən xəstəxanalarda müəyyən avadanlıq çatışmazlığı ilə bağlı fikirlər səsləndirilir...

- Bildiyiniz kimi, əhaliyə daha keyfiyyətli və əlçatan tibbi xidmət göstərmək məqsədilə ölkə ərazisi üzrə rayon mərkəzi xəstəxanalarında ilkin səhiyyə xidməti (İSX) strukturunda da təkmilləşdirilmə işləri aparılır. Bu tədbirlər çərçivəsində ailə-sağlamlıq mərkəzləri (ASM) yaradılıb və bu mərkəzlər lazımi şəraitlə təmin edilib.

Əhalinin əlçatanlığının yaxşılaşdırılması məqsədilə ASM-lərin və tibb məntəqələrinin sayının artırılması, infrastruktur vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Son illərdə ölkəmizdə 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu sahədə aparılan ardıcıl islahatlar səhiyyə sisteminin yeni, müasir mərhələyə qədəm qoymasına hərtərəfli zəmin yaradıb. Səhiyyə sahəsinin inkişafı ilə bağlı icra olunan layihələr ölkənin bütün bölgələrini əhatə edir. Yeni tibb müəssisələrinin ən son texnoloji yeniliklərə əsaslanan avadanlıq və qurğularla təchiz olunması ölkəmizin ümumi inkişafının göstəricisidir.

Bilirsiniz ki, bu ildən “Yeni Klinika”da da ənənəvi tibbi xidmətləri bərpa etmişik. Xəstəxanada quraşdırılan avadanlıqlar istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir.



Əsas məqsədimiz tibbin ən son nailiyyətlərindən, texnika və texnologiyalarından istifadə etməklə xalqımıza müasir standartlar səviyyəsində tibbi xidmət göstərməkdən ibarətdir.

Son illərdə tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir.

Görülən əhəmiyyətli işlərdən biri stasionar tibbi xidmət göstərən dövlət tibb müəssisələrində qəbul şöbələri, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının fəaliyyətlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Yenilik çərçivəsində qəbul şöbələrinin bazasında xəstələrə hərtərəfli xidmət göstərilməsinin mümkün olduğu təcili və təxirəsalınmaz tibbi yardım şöbələri yaradılır. Avropa ölkələrinin təcili yardım xidmətindəki uğurlu təcrübəsi əsasında yaradılan bu şöbə triaj (təcili yardım xidmətində tibbi müdaxilənin prioritetləşdirilməsi) sisteminin qurulması ilə fərqlənir.

Qeyd edim ki, pasiyentlər bu şöbəyə birbaşa müraciət əsasında qəbul olunur və ya Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən çatdırılırlar. Bu yeniliyin başlıca məqsədi xəstəxanaların stasionar və ambulator şöbələrinin iş yükünü azaltmaq və kadr potensialından səmərəli istifadəni təmin etməkdir.

Artan tələbatın və yeni yaradılmış tibb mərkəzlərinin, məntəqələrin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi də diqqət mərkəzindədir.

Bakı şəhəri və ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1 487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub və indiyədək tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib.

Bu günlərdə ölkə başçısına təqdim edilən “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə diferensiallı, 7-si xüsusi 2 diferensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlar ilə təmin edilib. Belə ki, avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir.

Bundan başqa, “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində tabeli tibb müəssisələrinin laboratoriyalarının tamamilə yenilənməsi həyata keçirilir.

Layihə çərçivəsində Sumqayıt Tibb Mərkəzində, Salyan Rayon Mərkəzi Xəstəxanasında, Abşeron Rayon Mərkəzi Xəstəxanasında, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda, Elmi-Tədqiqat Kardiologiya İnstitutunda və s. tibb müəssisələrində tibbi laboratoriyalar beynəlxalq standartlara uyğun yenidən təsnif edilərək təşkil olunub.

Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazırolma müddəti dəfələrlə qısalıb, bütün analizatorların “E-təbib” proqram təminatına, kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.

Artıq ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 600-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə biləcəklər. Pasiyentlər analizlərinin nəticələrini analiz verdikləri tibb müəssisəsinə gəlməklə, həmçinin tibb müəssisəsinə gəlmədən onlayn şəkildə əldə edə bilərlər.

- Hazırda Azərbaycanda səhiyyənin idarəedilməsində üç qurum - Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. Bunun üstün cəhətlərini necə qiymətləndirirsiniz? Eyni zamanda belə bir vəziyyət praktikada hansı çətinliklər yaradır?

- Hər üç qurumun fəaliyyəti sahəvi olaraq düzgün şəkildə müəyyən edilib. Bu gün səhiyyə, tibb sahəsində koordinasiyalı fəaliyyət, səmərəli əməkdaşlıq əlaqələri mövcuddur.

Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Səhiyyə sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, sahənin inkişafı üzrə müxtəlif proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir.



İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Əsas fəaliyyət istiqaməti icbari tibbi sığorta sahəsində vahid siyasətin formalaşdırılmasında, əhalinin icbari tibbi sığortalanmasının həyata keçirilməsində iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etməkdir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.

TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır.

Göründüyü kimi, hər üç qurumun əsas məqsədi əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlılığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməkdir. Ölkəmizdə tətbiq edilən model bir çox ölkələrdə sınanılmış mexanizmdir. Hətta mən deyərdim ki, bir sıra ölkələrin aidiyyəti üzrə səlahiyyətli şəxsləri ilə görüşdükdə Azərbaycan modelinin tətbiqi ilə maraqlanırlar və təcrübə mübadiləsi aparırlar.

- Azərbaycanın məşhur həkimləri, xüsusən də gənclər işləmək üçün bir zamanlar xaricə üz tuturdular. Hazırda vəziyyət necədir?

- TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin sayı 97 min 215 nəfərdir. Onların 16 min 381 nəfəri həkim, 38 min 949-u orta tibb işçisi, 22 min 608-i kiçik tibb işçisidir. 2022-ci ildə 12 min 440 işçi işə qəbul olunub.

Bildiyiniz kimi, TƏBİB-in qarşısına qoyulmuş vəzifələrdən biri vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasıdır. Bu baxımdan tibb müəssisələrində keyfiyyətin idarə edilməsi üzrə ştat strukturunun yaradılması, müəssisələrdə göstərilən tibbi xidmətlərin keyfiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün yeni bir addımdır. Hazırda tətbiq olunan keyfiyyət standartlarının qiymətləndirmə meyarları işlənib hazırlanıb ki, bu da gələcəkdə tibb müəssisələrinin keyfiyyət dinamikasını əyani olaraq izləməyə imkan verəcək.

Bilirsiniz ki, bu günlərdə TƏBİB və Azərbaycan Tibb Universiteti (ATU) arasında birgə əməkdaşlığa başlanılıb. Əməkdaşlıq çərçivəsində ölkədə kadr hazırlığı prosesinə dəstək, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması və tələbələrin iş mühiti ilə tanışlığına şərait yaratmaq kimi məsələlər nəzərdə tutulub.

Eyni zamanda, bu yaxınlarda TƏBİB nümayəndə heyətinin Almaniyaya səfəri çərçivəsində dövlət və özəl sektorda işləyən, eləcə də təhsilini davam etdirən 50-yə qədər azərbaycanlı həkimlə görüşü keçirildi. Görüşdə Almaniyada çalışan həkimlərin Azərbaycan səhiyyəsinin transformasiyasına cəlb edilməsi yolları mövzusunda geniş fikir mübadiləsi aparıldı. Ümumiyyətlə, TƏBİB olaraq ”Beyin ixracından beyin idxalına” konsepsiyasını rəhbər tutaraq, tibb sahəsindəki mütəxəssislərin ölkəmizdə fəaliyyətini təşviq edirik.

- Azərbaycanda həkim-pasiyent münasibətləri necədir? Bəzən hər iki tərəf bir-birindən narazı olurdu. İndi bu sahədə sağlam mühit yaratmaq mümkün olubmu?

- Azərbaycanda həkim-pasiyent münasibətləri mülki qanunvericilik və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla tənzimlənir. Sözügedən hüquqi aktlarla pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək, sanitariya-gigiyena tələblərinə uyğun şəraitdə müayinə və müalicə olunmaq, stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək kimi hüquqları var.

Əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlar öz tibbi hüquqlarını, onların təşkilini və müdafiəsini bilməlidirlər. Əgər həm pasiyent, həm də həkimlər öz hüquq və vəzifələrinə düzgün əməl etsələr, tibb sahəsindəki hüquq pozuntuları azalar.



Qədim tarixə malik həkim peşəsi həm də tibbi etika ilə tənzimlənir.

Hesab edirəm ki, tibbi etika həkim və xəstə arasındakı münasibətləri, həkimin kollektiv, cəmiyyət, dövlət, digər tibb işçiləri ilə münasibətlərini də tənzimləyir. “Hippokrat andı”nın bəzi müddəalarını nəzərdən keçirəndə də bu münasibətlərə kompleks yanaşmanın şahidi ola bilərik.

Həkimin əməyinin əsas çətinliyi ondadır ki, o, digərlərindən fərqli olaraq, heç cür, hətta kiçik səhv və ehtiyatsızlıq edə bilməz. Burada səhlənkarlıq, etinasızlıq yolverilməzdir və acı nəticələrə yol aça bilər.

Həkimlik etikasına həkim sirri də aiddir. Xəstə haqqında xəstənin özündən alınan və ya müalicə prosesində üzə çıxan və gizli qalmalı olan məlumatlar, xəstənin özünə bildirilməsi onun sosial-psixoloji durumuna mənfi təsir edən məqamlar həkim sirrinə dəlalət edir. Müasir dövrümüzdə bu münasibətlər toplusu bioetika anlayışı ilə uzlaşır.

Bir məqamı da bildirim ki, cari ilin müvafiq dövründə TƏBİB-ə daxil olan vətəndaş müraciətlərinin 13 faizini etik davranış qaydalarının pozulması təşkil edib. Müayinə və müalicə prosedurları üzrə müraciətlər isə 28% olub.

Daxil olmuş bu müraciətlər üzrə TƏBİB müvafiq araşdırmalar aparır, nöqsanların aradan qaldırılmasına nəzarət həyata keçirir.

Tibbi xidmətin göstərilməsi zamanı vətəndaşların fərdi olaraq bəzi həkimlərlə rastlaşdıqları problemlər əsaslı olduqda inzibati tədbirlər görülür.

Xüsusi vurğulamaq istəyirəm ki, pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, TƏBİB-ə və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

Onu da bildirim ki, tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinin peşə hazırlığının artırılması, təcrübə mübadiləsinin təşkil edilməsi, təlim proqramlarının hazırlanması, peşə etikası ilə bağlı ümumilikdə 2 000-dən çox personal təlimlərə cəlb edilib.

Eyni zamanda onu da qeyd etməliyəm ki, tibb sahəsində kifayət qədər təcrübəli, peşəkar, bütün işgüzar, etik normalara əməl edən kifayət qədər tibb işçilərimiz var. Sağlamlığımızı əmanət etdiyimiz dəyərli həkimləri qiymətləndirmək və qorumaq da bizim borcumuzdur. Bəzi hallarda həkimlərlə bağlı əsassız şikayətlərlə də üzləşirik ki, bu da tibb işçilərinin nüfuzuna xələl gətirir.

- Bu gün Azərbaycan həkiminin dolanışığı necədir? Sizcə, səhiyyə işçilərinin əməkhaqqı inkişaf etmiş ölkələrlə müqayisə oluna bilərmi?

- Bilirsiniz ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə 1 iyun 2022-ci il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunur. Bundan əlavə, ixtisaslı həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir.

Tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləğinə 1-1,5 intervalında əmsallar tətbiq edilir. Bununla da ixtisaslı həkimlərə ödəniləcək əməkhaqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1 000 manat təşkil edir. Eyni zamanda, ailə həkimlərinə ödənilən aylıq sabit həvəsləndirici əlavənin məbləği artırılaraq 500 manata çatdırılıb.

Artım həkim-stomatoloqlar istisna olmaqla, həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə şamil olunur. Səhiyyə işçilərinin əməkhaqlarının artımı ilə bağlı budəfəki dəyişiklikdən təxminən 19 minə yaxın səhiyyə işçisi faydalanır.

Əməkhaqqı artımları ilə bağlı təkliflərin dəyərləndirilməsi və dəyişikliklərin edilməsi məqsədi ilə Əməkhaqqı Komissiyası fəaliyyət göstərir. Daxil olan təkliflər komissiya üzvləri tərəfindən dəyərləndirilir.

- Doktor, geniş müsahibə üçün təşəkkür edirik!

- Mən təşəkkür edirəm. Qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hər kəsi təbrik edirəm, xalqımıza sağlam gələcək və firavanlıq arzulayıram!



REKLAM