ATU-da 13 yaşlı pasiyent üz çənə cərrahiyyəsi əməliyyatı ilə müalicə olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi ilə 13 yaşlı pasiyentdə üzdə əmələ gələn törəməni aradan qaldırmaq üçün əməliyyat icra olunub.
Professor Çingiz Rəhimov bildirib ki, əməliyyatın aparıldığı nahiyə mürəkkəb və həssasdır: “Üz nahiyyəsi insan orqanizminin ən həssas nahiyələrindəndir. Burada həm estetik görünüş, həm də üz sinirinin funksiyası nəzərə alınmalıdır. Üz siniri mimik əzələlərin hərəkətinə cavabverdiyi üçün əməliyyat zamanı hər hansı bir ehtiyatsızlıq uzun müddətli qüsura səbəb ola bilər. Bu səbəbdən bəzi hallarda bu əməliyyatlarda müdaxilə hətta mikroskop altında icra olunur”.
Xəstənin əsas şikayəti törəmənin üzdə görünməsi və xarici görünüşün pozulması olub. Əməliyyatdan öncə aparılan müayinələr nəticəsində törəmənin xoşxassəli olduğu təsdiqlənib və əməliyyat növü müəyyən edilib. Əməliyyat zamanı törəmə tam olaraq xaric olunub və hazırda histoloji müayinəyə göndərilib. Sonrakı müalicə, laborator müayinə nəticələrinə uyğun planlaşdırılacaq.
Professor Ç.Rəhimov qeyd edib ki, üz nahiyyəsində əməliyyat aparan hər bir mütəxəssis, üz-çənə cərrahı və ya plastik cərrah, bu sahənin anatomiyasını dərindən bilməli və simulasiyalardan keçmiş olmalıdır. Minimal səhvlər belə uzun müddətli təsirlərə səbəb ola biləcəyi üçün, əməliyyat yalnız ixtisaslı və sahədə təcrübəli mütəxəssislər tərəfindən aparılmalıdır.