İdman zalları xəstəlik yayır
Yay mövsümü ilə əlaqədar idman zallarına üz tutanların sayı artıb. Əksəriyyəti isə artıq çəkidən qurtulmaq, sağlamlıq və ən əsası idman cüssəli görünmək üçün bunu edir. Peşəkarlar isə, bunu düzgün hesab etmir.
Kamil Zeynallı (İdmançı): "Qışda yeyib-içirlər, yaya az qalmış isə idmana başlayırlar. Əksinə yayda dincəlmək lazımdır. Yayda halsızlıq və çox tərləmək halı olur".
İdmanla mütəmadi məşğul olmaq sağlamlıq üçün əsas şərtlərdəndir. Amma burada digər məsələ var. Bu da idman zallarının sanitar vəziyyəti bağlıdır.
Ekspert Elmar Nurəliyev deyir ki, elementar qaydalara əməl etməməklə insan özü ilə yanaşı zalda məşq edən digərlərini də xəstəliklərə yoluxdura bilər.
Elmar Nurəliyev (Ekspert): "Zalda geyinmək üçün ayrı, duş üçün ayrı ayaqqabı olmalıdır. Və təmiz dəsmal da lazımdır".
Bu məsələdə idman zalına gələn hər bir şəxs kimi, məşqçilər da məsuliyyətli olmalıdır. Çünki günün çox hissəsini onlar bu cür məkanlarda keçirirlər. Nəzərə alsaq ki, hər gün zala onlarla adam gəlir və buranın xidmətlərindən növbəli şəkildə istifadə edilir, deməli, buradakı avandlıqlar və digər vasitələr gigiyenik cəhətdən normalara uyğun olmalıdır.
Elmar Nurəliyev (Ekspert): "Dizinfeksiya işlərini məşqçi mütamadi olaraq nəzarətdə saxlamalıdır. Nəmişliyin olmamasına diqqət edilməlidir".
İdman zallarında sanitar qaydaların qorunmaması daha çox dəri zöhrəvi xəstəliklərə yol aça bilər.
Sağlam bədəndə sağlam ruh olar deyiblər. Amma sağlamlıq üçün sağlam şəraitə üz tutmaq lazımdır ki, ruhumuz bir yana, bədənimiz yeni bəla tapmasın.(Day.az)