Özünüzü tənhalığa məhkum etməyin!
Ətrafımızda qalın divarlardan qalalar hörürük. Sonra da özümüzü bu qalalarda yaşamağa məcbur edirik. Gün keçdikcə dostlarımız, tanışlarımız artır. Ancaq onların sayı artdıqca divarlarımız bir az da qalınlaşır.
İlk baxışdan xoşbəxt görünürük. Çünki ailəmiz, uşaqlarımız, dostlarımız, tanışlarımız var. Ancaq onlarla saxta gülüşlərimizdən, yalançı sevinclərimizdən başqa heç bir şeyi bölüşmürük. Səhv edirik. Ancaq sonra bu səhvlərimizin ağrısını çəkirik.
Ürəyimizi heç kimə açmaq istəmirik. Bəlkə də, açmağa cəsarət etmirik. Ancaq yenə də bu müşküllər yumağından xilas olmaq üçün kiməsə ehtiyac duyuruq. Bir vaxtlar bizə uzadılan əlləri geri qaytardığımız üçün ətrafımızda heç kimi tapa bilmirik. Öz əlimizlə qurduğumuz qürbətdə yaşayırıq. Ya da öz əlimizlə qurduğumuz tənhalığın yükünü çəkirik.
Sonra günlərlə oturub harada səhv etdiyimizi düşünürük. Ancaq bilmirik ki, bir dostumuz bizi məyus görüb halımızı soruşanda ona “Heç bir şey yoxdur, məni rahat burax”, - deyəndə səhv etmişik. Ancaq bilmirik ki, çətin anlarımızda bizə təsəlli verməyə çalışan həyat yoldaşımıza sərt cavab verəndə səhv etmişik. Ancaq bilmirik ki, anamıza “Artıq uşaq deyiləm, öz dərdimi özüm çəkə bilərəm”, - deyib qəlbini qıranda səhv etmişik.
Odur ki, öz-özünüzü tənhalığa məhkum etməyin. Boş yerə bu ağır yükü daşımağa çalışmayın. Sizə əl uzadana əl uzadın. Sizə təbəssüm edənə təbəssüm edin. Sevincinizi (həmçinin kədərinizi) bölüşməkdən çəkinməyin. Əgər bir qala qurmaq lazımdırsa, içinizdəki qürbətə qarşı qurun. Əgər bir qala qurmaq lazımdırsa, içinizdəki tənhalığa qarşı qurun.
Qoy nə qürbət, nə tənhalıq o qalanın divarlarını aşa bilməsin.//yeniavaz