Pişiyiniz sizə gülürmü? Biz nə üçün gülürük?
Ev heyvanı saxlayanlar yaxşı bilirlər: elə bir zaman gəlib çatır ki, ailənin tamhüquqlu üzvünə çevrilmiş heyvanla sahibi arasında emosional bağ yaranır. Bəs bu özünü necə büruzə verir? İtimizin və ya pişiyimizin bizim haqqımızda nə düşündüyünü anlaya bilirik.
Sehiyye.info BBC-yə istinadən bu barədə məlumat verir.
Bəzən itimizlə söhbət edirik, pişiyimizdən küsürük, tutuquşumuza özümüz haqqında başqa heç kimə deyə bilməyəcəyimiz şeylər danışırıq.
Bütün bunların tamamilə mənasız olduğunu bilsək də, ürəyimizin dərinliyində onların bizi başa düşdüyünə ümid edirik. Həm də bizə rəhmləri gəldiyinə. Yoxsa güldüyünə?
Heyvanlar bizi nə dərəcədə dərk edirlər? Məsələn, zövq alma hissinin onlarda da olduğunu bilirik. Bəs yumor hissi necə? Onlar zarafatın da nə olduğunu başa düşürlərmi? Özləri də zarafat edə bilirlərmi? Ya da ayağınızın üstünə ağır bir şey düşəndə, bizə yazıqları gəlirmi?
İtlər, pişiklər və digər canlılar da bizim kimi gülə bilirlərmi?
Biz nə üçün gülürük?
Gülüş sirayətedici və sosialdır, qədim insanlar gülməyi hələ danışmağa başlamazdan əvvəl öyrənməmişdilər
İnsanların özlərində gülmək qabiliyyəti inkişaf etdirməsinin səbəbi tam olaraq məlum deyil. Hansı dildə danışmasından asılı olmayaraq yer üzündə gülməyən insan yoxdur. Və hamımız bunu düşünmədən, spontan şəkildə edirik.
Gülüşümüz hardansa içərilərdən gəlir və biz heç cür onun qarşını ala bilmirik. O, siyarətedicidir, sosialdır, qədim insanlar gülməyi danışmağa başlamazdan daha əvvəl öyrəniblər (Yoxsa bu, sadəcə faydalı instinktdir?).
Gülüş insanları birləşdirən elementlərdən biri hesab olunur. Ancaq başqa bir nəzəriyyə də var - guya bu səs nə vaxtsa təhlükəylə (məsələn, saber dişli pələngin yaxınlaşmasıyla) bağlı xəbərdarlıq siqnalı rolunu oynayıb.
Qısası, niyə güldüyümüzü bilməsək də, bunu hamımız edirik. Bəs heyvanlar necə, onlar da gülə bilirlərmi? Bilmirlərsə, niyə?
Bizimlə birlikdə yaşayan itlərə və pişiklərə gəlincə: onlar bizə gülə, altdan-altdan bizimlə əylənə bilərlərmi?
İtlərdə gülməyə bənzəyən qabiliyyətin olduğunu sübut edən dəlillər var. Bu, insanların dərindən fısıldamağını xatırladır və parametrlərinə görə bədən temperaturunu tənzimləyən ağır nəfəsalmadan fərqlənir,
Pişiklərin təkamülü isə vəhşi təbiətdə emosiyalarını gizlətmək istiqamətində olub (Onlar itlərdən xeyli sonra əhliləşdiriliblər - red.)
Doğrudur, pişiklər daha çox həyatdan məmnun olduqları vaxt xoruldayırlar, ancaq bu, bir çox başqa şeyin də göstəricisi ola bilər - diqqəti özünə cəlb etmək cəhdindən tutmuş stres əlamətinə qədər.
Pişiklər dəcəllik etməyi xoşlayırlar, ancaq onların hərəkətlərində yumor hissindən daha çox sahibinin diqqətini özünə yönəltmək məqsədi hiss olunur.
Elm pişiklərin də gülə bildiyini hələ ki, sübut etməyib. Ona görə də arxayın ola bilərsiz - pişiyiniz sizi lağa qoymur.
Ancaq belə bir qabiliyyətə yiyələnə bilsə, əmin olun ki, fürsəti fövtə verməz.