Uşaqların Beynəlxalq Müdafiəsi Günündə həkimlər valideynlərin suallarını cavablandırdılar
Bakıda ğtən gün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə valideynlər üçün maarifləndirmə tədbiri keçirilib.
Media.az-ın məlumatına görə, tədbirdə pediatr, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların Reanimasiya Şöbəsinin müdiri, həkim-neonatoloq Regina Nemətova, endokrinoloq-diyetoloq, uşaqlarda piylənmə üzrə mütəxəssis Nərminə İbrahimova, 10 ildən artıq təcrübəsi olan infeksionist Polina Əliyeva və terapevt-hepatoloq Zaur Orucov iştirak ediblər.
Tədbir zamanı valideynlər pediatriya, yoluxucu xəstəliklər, endokrin xəstəliklər, diyetologiya və hepatologiya sahəsində aparıcı mütəxəssislərdən bilik və məsləhətlər alıblar.
Mütəxəssislər vacib mövzuları qabardaraq valideynlərin bütün suallarını cavablandırıblar.
Tədbirin moderatorları qismində jurnalist Həmid Həmidov, terapevt-hepatoloq Zaur Orucov və tibbi marketoloq Cəmilə Baydemir çıxış ediblər.
"Müxtəlif profilli həkimlərin və valideynlərin görüşünün keçirilməsi ideyası jurnalist Həmid Həmidova məxsusdur", - deyə Zaur Orucov bildirib.
"Belə bir tədbirin keçirilməsi ideyası tez bir zamanda tibb ictimaiyyəti arasında dəstək tapdı. Mütəxəssislər xəstələrlə daim onlayn əlaqə saxlayır, müxtəlif tibbi problemlərin həllində köməklik göstərirlər. Canlı ünsiyyət formatı bizə qarşılıqlı əlaqənin yeni səviyyəsinə keçməyə və daha da effektiv yardım göstərməyə imkan verir", - deyə həkim qeyd edib.
Onun sözlərinə görə, Həmid Həmidovun təşəbbüsü və tibb ictimaiyyətinin dəstəyi uşaqların sağlamlığının effektiv şəkildə qorunması üçün həkimlərin, valideynlərin və ictimaiyyətin səylərinin birləşdirilməsinin vacibliyini nümayiş etdirir. Bu innovativ yanaşma dəyərli bilik və təcrübə mübadiləsi aparmağa imkan verməklə yanaşı, həm də həkimlər və xəstələr arasında etibarı möhkəmləndirir.//oxu.az