sehiyye.info

Ramazandan sonra necə qidalanaq.Həkim məsləhəti

Ramazandan sonra necə qidalanaq.Həkim məsləhəti
Ramazan bayramı bitdi.Oruc saxlayanlarda qidalanma fərqli olduğu üçün orqanizmdə müəyyən narahatlıqlar əmələ gələ bilər.Bu baxımdan orucdan sonra qidalanmaya fikir vermək lazımdır.
Sehiyye.info bu barədə tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini sizə çatdırır.
Ayların sultanı Ramazanı yola saldıq artıq. Müqəddəs ayda oruc tutan bütün müsəlmanlar üçün Ramazan bayramının bir başqa önəmi vardır. Bayram süfrələri, bol və ləziz yeməklər, müxtəlif çeşiddə şirniyyatlar bir ay boyunca dincələn orqanizmə ağır gələ bilər.
Bir ay oruc vəziyyətinə öyrəşmiş mədəmiz yenidən qidaların "hücumuna" məruz qalır.
Bir ay boyunca aclığa və susuzluğa öyrəşmiş orqanizmimi bundan sonra əvvəlki vərdişinə qaytarmaq üçün nələr edilməlidir?
Ramazandan sonra əvvəlki yemək vərdişinə sürətlə dönmək orqanizmdə müəyyən problemlər yarada bilər. İlk növbədə maddələr mübadiləsini yenidən təşkil etmək və əvvəlki vəziyyətinə qaytarmaq lazımdır. Maddələr mübadiləsini sürətləndirmək üçün gün ərzində 5-6 pay şəklində hər 3 saatdan bir meyvə, qatıq və süd məhsulları qəbul etmək məsləhətdir. Bu həm qanda şəkəri nizamlayar, həm də çox miqdarda qida qəbulunu önləyər.
Ramazandan sonra necə qidalanaq.Həkim məsləhəti
Dietoloqlar bir ay boyunca gündüz saatlarında aclığa alışan bədənin normal yemə nizamına alışması üçün ən az bir həftə lazım olduğunu qeyd edirlər. Bu müddət ərzində naharların yüngül, günorta yeməklərinin isə az yağlı, daha çox sulu yeməklərdən hazırlanması vacibdir. Mədəni yoran, ağır həzm edilən qidalardan çəkinmək məsləhətdir. Maye qəbuluna da fikir vermək lazımdır. Gün ərzində 2-2,5 litr su içilməlidir. İnsan orqanizminin Ramazandan sonra tam normal vəziyyətə düşməsi üçün 3 həftə vaxt lazımdır. Bu vaxt ərzində qida qəbuluna ciddi fikir vermək lazımdır ki, artıq çəki problemi yaranmasın. Ən çox süd-qatıq-pendir, ət-balıq-toyuq, paxlalı bitkilər və meyvə-tərəvəz qrupundan olan qidalar istehlak edilməlidir.
Qidalanma necə olmalıdır.

Orucluq ayında iftar yeməklərində, ümumiyyətlə, insanlar uzun sürən aclıq səbəbiylə qırmızı ət, çörək, plov, makaron, xəmir xörəkləri, şirni, kimi karbohidrat və zülalla zəngin qidaları seçirlər. Tərəvəz və meyvə kimi lif nisbəti yüksək, ancaq enerji dəyəri daha aşağı olan qidalardan uzaq durur, ya da az qəbul edirlər. Bu da həzm sistemində müəyyən problemlərin yaranmasına, qəbizlik və sürətli çəki artımlarına səbəb olur. Ramazan bayramında bu problemlərdən yaxa qurtarmaq üçün karbohidrat və zülalla zəngin bəslənmə yerinə tərəvəz, meyvə tipli məhsulları seçmək və nizamlı qidalanmaq lazımdır.
Bayramdan sonra normal qida rejiminə keçərkən xəmir xörəkləri, qızartmalı yeməklər və şirniyyatların qəbuluna ciddi fikir vermək lazımdır. Orucluq ayında boş qalmağa vərdiş edən mədə üçün çox qida qəbulu ağır olur. Həzm sistemi yüklənilir, nəticədə bulanma, turşuma, qıcqırma kimi hallar müşahidə edilir. Ona görə də, bayram süfrəsində oturduğunuz zaman yeyə biləcəyiniz miqdarda qida qəbul etmək lazımdır.

Ramazan Bayramı ərəfəsində şərbətli şirniyyat və şokolad istehlakı artar. Bu cür qidalar - şəkər, yağ, unlu məmulatlar qanda şəkərin miqdarını sürətlə artırır, kaloriləri də çox yüksəkdir. Bayramda nəfisi nəzarətdə saxlamağı da unutmaq olmaz. Bədənə boş enerji verən şokolad və şirnilərdən çox istifadə edilməməlidir. Yağlı şokoladın və həzmi çətin olan şirniyyatların çox istehlak edilməsi həzm sisteminin fəaliyyətinin pozulmasına, qusmağa və ishala səbəb ola bilər.

Yağları düzgün seçmək lazımdır,qatı marqarin, kərəyağı, krem, mayonez, çipsi, souslar və s. kimi enerji dəyəri yüksək, heç bir bəsləyici dəyəri olmayan yağlı, qızartma və qovurma yeməklərdən çəkinməkdə fayda vardır. Şəkər və şəkərli qidalar (bal, cem, hazır meyvə suları, qazlı içkilər, şirnilər və s.) qana tez qarışarlar. Nəticədə qanda şəkərin miqdarı sürətlə yüksələr və sağlamlığa zərərli ola bilər.
Naharda: pendir, zeytun, pomidor, xiyar, cem, bal ya da bəkməz, kəpək çörək, yumurta, süd, meyvə kimi yüngül qidalar yeyilməlidir. Yeməklər birdən-birə və çox miqdarda deyil, gün ərzində az miqdarlarda hissə-hissə istehlak edilməlidir

Həkimlər insanları orucdan sonra normal bəslənmə rejiminə keçərkən diqqətli olmağa çağırırlar. Orucluqda aclığa alışan orqanizmi həddindən artıq yükləmək, xüsusilə ağır yeməklərdən istifadə etmək ürəkdə və həzm sistemində problemlər yarada bilər. Ramazandan sonra insanda çox yemə istəyi artmağa başlayır, bu da orqanizmi artıq çəki problemi ilə üz-üzə qoyur. Ramazan bayramında insanların çəkisini artıran səbəblər bunlardır:

Artıq çəkidən yayınmaq üçün mütəxəssislər insanları qida seçimində diqqətli olmağa çağırırlar. Bayramda nahar, günorta və axşam yeməyindən imtina edilməməlidir. Naharda qızartma, sosiska, kolbasa kimi yağlı və duzlu yeməklərin qəbulundan çəkinməli, pendir, yumurta, pomidor, xiyar kimi məhsullara üstünlük verilməlidir. Günorta yeməkləri üçün şorba, ayran, salat, qatıq və tərəvəz yeməklərindən istifadə etmək lazımdır. Axşam menyusu isə sadə və yüngül olmalıdır. Yatmadan 2 saat əvvələ qədər yemək- içmək işini bitirmək vacibdir.

Sonda Nərminə həkim bədən tərbiyəsi ilə məşğul olmağı da məsləhət gördü.
Sağlam yaşamağın əsas qaydalarından biri olan fiziki məşğuliyyətdən imtina etmək olmaz. Çünki, fiziki aktivlik bağırsaq hərəkətlərini artırır, qanda-şəkəri və xolesterolu azaldır, həm də kilo itirməyə kömək olur. Ramazandan sonrakı günlərdə idmanla məşğul olmaq- bədən hərəkətləri etmək, yürüşə çıxmaq orqanizmi əvvəlki vəziyyətinə gətirməkdə yardımçı olar, həzm prosesini yaxşılaşdırar, kökəlmə riskini aşağı salar. Mütəxəssislərin fikrincə, ən azı 30 dəqiqə idmanla məşğul olmaq gün ərzində yaxşı əhval-ruhiyyədə olmağı təmin edər, həm də sağlam vücuda sahib olmağınızda yardımçı olar.

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95



REKLAM