sehiyye.info

Azərbaycanda qızılca xəstəliyinə yoluxanların sayı açıqlandı

Azərbaycanda qızılca xəstəliyinə yoluxanların sayı açıqlandı
Bu il Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma faktı aşkarlanıb.
Sehiyye.info xəbər verir ki,bunu Bakupost.az -a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin immonoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva deyib.
Onun sözlərinə görə, həmin faktlar da miqrasiya məsələsi ilə əlaqəlidir: "Xarici ölkədən qayıdan şəxslər bir neçə nəfəri yoluxdura bilir. Çünki bu, hava-damcı yolu ilə keçən yüksək yoluxduruculuq qabiliyyətinə malik xəstəlik növüdür".
Mərkəz rəsmisi bildirib ki, həmin şəxslərdən 18-i məhz Bakının payına düşüb: "Xəstəliyə yoluxanların yaş qrupuna gəlincə, yoluxanlardan 1 nəfər 0-1 yaş, 18 nəfər 1-18 yaş, 5 nəfər isə 18 yaşdan yuxarı olan şəxslərdir. Ümumilikdə yoluxanların 84 %-i xəstəliyə qarşı vaksinasiya olunmayanlardır".
G.Azadəliyeva xatırladıb ki, qızılca və digər vaksinlərin tam vurdurulması uşaqların müvafiq xəstəliklərə yoluxmalarının qarşısını ömürlük almış olur: "Ümumilikdə milli peyvənd təqvimində yer alan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlərin 95 %-i Səhiyyə Nazirliyi və UNİCEF xətti ilə Azərbaycana gətirilir və istifadəsinə, təhlükəsiz şəraitdə daşınmasına zəmanət verilir. Bu da o deməkdir ki, özəl klinikalarda vurulan peyvəndlər də dövlət tibb müəssisələrində vurulan vaksinlərlə eynidir. Son illərdə dövlət tibb müəssisələrində vurulan vaksinlərlə əlaqəli ağırlaşma halı qeydə alınmayıb".



REKLAM