Ötən ay 50 min nəfər qızılca-məxmərək əleyhinə peyvənd edilib
Martda 50 min nəfər qızılca-məxmərək əleyhinə peyvənd edilib.
Sehiyye.info bildirir ki,Bu barədə AZƏRTAC-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib. O, Səhiyyə Nazirliyinin bu il fevralın 27-də verdiyi “Respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsi barədə” əmrlə ölkənin səhiyyə orqanlarının bu sahədə fəaliyyətinin gücləndirilməsi barədə tapşırıqlar verildiyini bildirib.
Direktor müavini son günlər bu sahədə görülən tədbirləri nəzərə çatdıraraq deyib: “Ölkəyə 160 min doza qızılca-məxmərək əleyhinə vaksin gətirilib, mart ayında şəhər və rayonlarda peyvənd olunmayanlar arasında immunlaşdırma tədbirlərinin aparılmasına başlanılıb. Martda 50 min nəfərə yaxın əhali qızılca-məxmərək əleyhinə peyvənd edilib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzində respublikanın bu sahədə fəaliyyət göstərən mütəxəssislər təlimatlandırılıb və təşkilati-metodiki sənədlər hazırlanaraq müvafiq səhiyyə müəssisələrinə göndərilib. Nəzarət və metodiki kömək məqsədilə qızılca-məxmərək əleyhinə peyvənd işlərini həyata keçirən səhiyyə müəssisələrinə ərazi Gigiyena və Epidemiologiya Mərkəzlərinin mütəxəssisləri təhkim olunub”.
Qeyd etmək lazımdır ki, immunlaşdırma tədbirlərinin səmərəli həyata keçirilməsində əhalinin fəallığı böyük əhəmiyyət kəsb edir. İmmunlaşdırmaya cəlb olunan hər kəs bilməlidir ki, onun vaxtında vaksinasiya olunması həm özünün, həm də yaxınlarının ağır fəsadlar törədə bilən qızılca xəstəliyindən qorunmasını təmin etməyə yönəlib.
A.Əliyeva xatırladıb ki, 2013-cü ilin iyulundan ötən ilin noyabrınadək ölkəmizdə qızılca xəstəliyi qeydə alınmayıb və Dünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycana xəstəliyin eliminasiyası statusu verilib. Lakin ötən ilin payızında Avropanın bir sıra ölkələrində, eyni zamanda ölkəmizlə həmsərhəd ərazilərdə qızılca xəstəliyinin yayılması və intensiv miqrasiya nəticəsində ölkə əhalisi arasında (əsasən 20-40 yaş) qızılca xəstəliyi qeydə alınmağa başlayıb. Sanitariya–epidemioloji xidmət orqanları qızılca aşkar edilən xəstəlik ocaqlarında epidemioloji təhqiqatların aparılması, xəstələrin digər sağlam şəxslərlə təmasının məhdudlaşdırılması, maarifləndirici işlərin aparılması, onların vaxtında və effektiv müalicəyə cəlb edilməsi sayəsində xəstəliyin geniş əhali kütləsinə yayılmasının qarşısı alınsa da, tək-tək hallarda nisbətən yaşlı əhalinin xəstəliklə üzləşmə halları baş verib. Xəstəliyin ictimai səhiyyə sahəsində ciddi fəsadlar törədə biləcəyi ehtimalını nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən vaxtında effektiv profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb.