sehiyye.info

Mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb olur?

Mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb olur?
Son zamanlar xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı getdikcə artır. Elmi olaraq xərçəng xəstəliklərinin tam olaraq nədən yarandığı məlum olmasa da, cəmiyyətdə bununla bağlı fikirlər birmənalı deyil.

Belə ki, əksəriyyət son illər xəstəliyin artmasına mədəkiçiltmə, üzgərdirmə, bədən şəkilləndirmə, botoks və s. bu kimi presedurların səbəb olduğunu düşünür.

Daxili xəstəliklər uzmanı Həbib Sahratov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, mədəkiçiltmə əməliyyatlarının xərçəng yaranmasında rolu olub-olmadığını demək üçün gərək uzunmüddətli müşahidələrin nəticələri ola: “Əgər həqiqətən bu əməliyyatı keçirmiş şəxslərin böyük hissəsində belə bir xəstəlik yaranırsa, bu zaman bir fikir söyləmək olar. Ümumiyyətlə, mədə xərçənginin nədən yarandığı tam məlum deyil, multifaktorial xəstəlik kimi qiymətləndirilir. Mədəkiçiltmə əməliyyatında məqsəd xəstənin kilo atmasıdır. Bu əməliyyat zamanı piylər əriyir. Bəlkə bu əməliyyat zamanı immun sistemi zəifləmiş ola bilər, amma bu da xərçəng xəstəliyinin yaranmasında əsas faktor deyil. İmmun sisteminin zəifləməsi infeksion xəstəliklərin yaranmasında əsas faktor kimi görülür”.

Müsahibimiz qeyd edib ki, botoks, bədən şəkilləndirmə, üzgərdirmə estetik əməliyyatlar adlanır: “Estetik cərrahlarımız sadəcə bədən üzərində əməliyyat ilə şəkilləndirmə aparırlar. İstifadə edilən dərmanlar kimyəvidirsə, bunun anokoloji xəstəliklər üzərində təsiri var. Amma botoks və qırışların açılması kimi əməliyyatlarda daha çox plazmadan istifadə edirlər. Bu da insanın öz qanından alınmış maddələr olduğu üçün ankoloji xəstəlik yaratma ehtimalı sıfıra yaxındır”.

Onun sözlərinə görə, sözsüz ki, istifadə edilən presedurlarda hər hansı kimyəvi maddə var və uzun müddət istifadə olunursa, həmin orqanlarda onkoloji xəstəliklərin yaranma ehtimalı var demək olar: “Ancaq mədəkiçiltmə əməliyyatından sonra onkoloji xəstəliyin yaranması üçün vacib bir mexanizm yoxdur. Əməliyyatdan sonra xərçəng xəstəliyi yaranırsa, böyük ehtimal əməliyyatdan əvvəl xəstəlik ilkin mərhələsində imiş və üst-üstə düşüb. Bu zaman onkoloji xəstəlik inkişaf edir və yaxud ola bilər ki, xəstəliyin ilkin fonu var, əməliyyatdan sonra immun sistemi zəifləyir və daha da irəliləyir. Lakin xəstəliyin sırf bununla bağlı olduğunu demək doğru deyil”.




REKLAM