Donuz əti niyə haram buyurulub? - İZAH
İslam dini bir çox heyvanların ətlərini yeməyi sərbəst buraxarkən, bəzilərini yeməyi qadağan edib. Yəqin ki, bütün müsəlmanlar donuzun yeyilməsinin haram buyurulduğunu bilir. Çoxları isə haramlar sırasına pulcuqsuz balıqlar və dovşan ətinin də aid edildiyini israr edir.
“Quran” kitabının “Maidə” surəsinin 3-cü ayəsində oxuyuruq: “Sizə ölmüş heyvanın əti, qan, donuz əti, Allahdan qeyrisinin adı ilə kəsilənlər və s. haram edildi”. Müasir insanların bir hissəsi donuz ətinin nə üçün haram buyurulduğunu bilmir. Amma çox az adam tapılar ki, islam dinində müsəlmanlara yeyilməsi qadağan olunan heyvanlara dair yasağın elmi izahı ilə maraqlansın.
Allahın qadağa qoyduğu donuz barədə tarixən saysız-hesabsız araşdırmalar aparılıb. Onu da qeyd etmək lazımdır ki, donuzu yemək qadağası “İncil”də də yer alır. Bir çoxları bundan xəbərsiz olsalar da, “İncil”də aşkar şəkildə donuz əti yemək qadağan edilib: “Lakin gövşəyən, yaxud qoşadırnaqlı heyvanlar içində bunları yeməyin: …Donuz, çünki o qoşadırnaqlı olsa da, gövşəmir, buna görə də sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun, onlar sizin üçün haramdır” (İncil. Levililər - fəsil 11: 4, 7-8).
Bir sıra elmi tədqiqatların nəticələri göstərmişdir ki, donuz ətinin insan orqanizmi üçün çox böyük zərəri var. Buna baxmayaraq, insanlar yenə də bu ətdən istifadə edirlər. Alimlər bildirirlər ki, donuz əti yeyən insan trixinelloz xəstəliyinə yoluxa bilər. Bu xəstəliyin törədiciləri donuzun orqanizmindəki “trixinella” parazitidir. Yoluxmuş donuz əti ilə qidalanmadan 2-3 həftə sonra trixinelloz xəstəliyi baş qaldırır. Adıçəkilən parazitləri ətdə, demək olar, məhv etmək mümkün deyil. Yüksək və aşağı temperatur onlara təsir elə bilmir. Bu baxımdan da bir çoxlarının “o zaman soyuducu olmayıb” kimi iddiaları yersiz görünür. Soyuducu belə, bu problemin qarşısında acizdir.
Donuz əti yemək bədxassəli şişin əmələ gəlməsinə səbəb olur. Donuz orqanizmində başqa viruslar da yaşayır. Ensefalit (baş-beyin iltihabı) kimi ağır bir xəstəliyin virusları donuzdan qansoran həşəratlar vasitəsilə insanlara yoluxur. Ensefalit iflic, udma və tənəffüs proseslərinin pozğunluğu, psixikanın pozulması, bəzən isə hətta ölümlə də nəticələnə bilər. Hətta alimlərin qənaətinə görə, piyli donuz hüceyrələri mədə şirəsində həzm olunmur, yad cisim kimi insan orqanizmində qalaraq, sonradan bədxassəli şişin yaranmasına səbəb olur. Özü də nəzərə almaq lazımdır ki, donuz ətinin zərəri dərhal deyil, müəyyən bir vaxt keçdikdən sonra özünü göstərə bilər.
İlahiyyatçı Elşad Miri Modern.az-a bəzi heyvan mənşəli məhsulların dinimizdə qadağan olunmasının izahını açıqlayıb. O bildirib ki, “Qurani-Kərim”də və Peyğəmbərin (s.) hədislərində haram buyurulan qida donuz ətidir.
“Dovşan ətinin və pulsuz balığın heç bir hədisdə haram olduğu deyilmir. Bunlar sonradan insanların özlərinin uydurduğu məsələdir. Nə “Qurani Kərim”də, nə də peyğəmbərin hədislərində belə bir sözə, məsələ rast gəlinir. Donuzun haram olması isə “Qurani Kərim”də göstərilir. Müasir tibb inkişaf etdikcə, həqiqətən də donuz ətinin insan bədəninə oxşarlığı sübuta yetirilir. Donuz əti bir müddət kənarda qalanda müəyyən xəstəlikləri, bakteriyaların artımı daha çox olur. Ona görə də donuz əti yeyən insanlarda trixin deyilən xəstəliyə daha çox rast gəlinir. Bütün bunlar göstərir ki, Allahın haram buyurduğu heç bir şeydə xeyir ola bilməz. Tibbin özü də inkişaf etdikcə bu məsələnin mahiyyətini bizə təqdim edir. Bunun üçün nə həkim, nə də tibbi universitet oxumağa ehtiyac var”.