sehiyye.info

Dəyərli alim, nurlu ziyalı , həkim Fətulla Əlimərdanov...

Dəyərli alim, nurlu ziyalı , həkim Fətulla Əlimərdanov...
İnsan öz ömrünün kamillik dövrünə qədəm qoyur, onu peşəsindən və tutduğu vəzifəsindən asılı olmayaraq hər şeydən öncə belə suallar düşündürür: xoşbəxtliyi nədə axtarmaq, necə axtarmaq? Yaşamaqda məqsəd nədir? İnsanlığın ən böyük amalı nədir? Müdrik insan o suallara birmənalı cavab verib – insan insanın qayğısını çəkməli, Vətənini və xalqını sevməli, onların xoşbəxtliyi uğrunda mübarizə aparmalı, haqqı-ədaləti uca tutmalı, bu yolda heç bir çətinlikdən qorxmamalıdı. Bütün bu duyğular, bu hisslər ana südü ilə, ana laylası, ata öyüd-nəsihəti ilə doğulur və bütün ömrü boyu insanın ruhuna, qəlbinə hakim kəsilir.
Elə insanlar mənsub olduğu xalqın ləyaqətli övladları olur, insanlığın bəzəyi və yaraşığı sayılırlar. Onların həyatı işığa, nura bələnmiş olur, heç vaxt çətinliklərdən qorxmurlar. Böyük inamla daha mübariz olub, daha qürurlu yaşayıb, xalqın, el-obanm hörmətini qazanaraq hər yerdə, hər zaman ağsaqqallıq kürsüsündə olub, adı ehtiramla çəkilir, müdrikanə sözləri dəyərli sayılır.
Belə müdrik şəxsiyyətlərdən biri,dəyərli ziyalımız ötən ay dünyasını dəyişdi.Lakin o, öz şərəfli həyat və yaradıcılığı ilə ürəklərdə yaddaqalan iz qoydu.
Qocaman alim,gözəl həkim,mahir pedaqoq və mehriban dost Fətulla İsmayıl oğlu Əlimərdanov 22 fevral 2023-cü ildə ömrünün 79-cu baharında dünyasını dəyişdi.Fətulla Əlimərdanov tibb elmləri namizədi,Azərbaycan Tibb Universitetinin dosenti və ən önəmlisi –dəyərli insan kimi yaddaşlarda qaldı.Bütün həyatını kardiologiya sahəsində sevimli işinə həsr edib.
1944-cü ildə Ordubad şəhərində anadan olan Fətulla Əlimərdanov orta məktəbi bitirdikdən sonra 1962-ci ildə ATU-nə qəbul olunub və 1968-ci ildə Universiteti bitirərək 1 saylı Klinik Xəstəxanada həkimlik fəaliyyətinə başlayıb.
Elmi fəaliyyətə başlayan həkim 1969-cu ildə tibb elmləri namizədi adını alıb.
1973-1990 cı illərdə ATU-də I Daxili Xəstəliklər və Reanimatologiya Kafedrasında assistent,1990-2019 cu illər ərzində isə həmin kafedranın dosenti kimi fəaliyyət göstərib.
Dəyərli alim bütün elmi tədqiqat və tibb təcrübəsini ürək qüsurlarının aşkar edilməsi,ürək-damar sisteminin funksional vəziyyətinin öyrənilməsi,qeyri dərman müalicə üsulu kimi akupunkturanın neyrosirkulyator distoniya və işemik ürək xəstəliyi olan pasientlərdə differensial istifadəsinə həsr etmişdir.
Əqidəsinə, amalına sadiq, sözü bütöv, mərd insan olan Fətulla İsmayıl oğlu Əlimərdanov son dərəcə pozitiv enerjiyə malik bir insan idi. Tanınmış ziyalı ətrafındakı insanlarla,eləcədə tələbələrlə xoş rəftarı, ünsiyyət bacarığı, yüksək mədəniyyəti, prinsipiallığı, gələcəyə yüksək inam hissi ilə diqqəti cəlb edib. Yaxından tanıyanlar Fətulla müəllimə böyük hörmət və rəğbət hissi ilə yanaşıb, onu təşəbbüskar, qayğıkeş və yaradıcı şəxsiyyət kimi qəbul edirdilər. Azərbaycan xalqı belə nəcib, xeyirxah, mərd şəxsiyyətləri ilə daim qürur duyub, onları özünün milli sərvəti sayıb və onların vəfatından çox kədərlənib.
Allahdan dəyərli ziyalımıza rəhmət diləyirik.



REKLAM