sehiyye.info

Cari ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 727 minə yaxın müraciət daxil olub

Cari ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 727 minə yaxın müraciət daxil olub
2019-cu il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BTTTYS) 726 693 ümumi müraciət daxil olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciət edənlərdən 66600-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 80 minə yaxın, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 13 200-yə yaxın olub. Pediatrik çağırışların BTTTYS-nin bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 3600 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 78 540, hospitalizasiya 13 300, miokard infarktı ilə müraciətlərin sayı 870, hospitalizasiya 814, insultla müraciətlərin sayı 3600, hospitalizasiya 3 200 olub.

Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil edilib.

Doğuşla bağlı müraciətlərin sayı 2 680, hospitalizasiya 2 670; hospitalizasiyadan imtina edilən hər bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq- mühafizə orqanlarına məlumat verilərək, ünvana polis əməkdaşları dəvət olunub.

Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 26 700, hospitalizasiya 18 300-dür. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 21 718, hospitalizasiya 13 833.

Pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilib ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 20 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 900 körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra edilib.

Təcili tibbi yardıma ehtiyacı olan 170 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.

BŞTTTYS-nin təcili yardım briqadaları poliklinikalar tərəfindən laborator müayinələrin aparılması üçün götürülən materialların daşınmasında yaxından iştirak edir. Belə ki, 2019-cu il ərzində 7 000-ə yaxın laborator daşınma icra edilib.

BŞTTTYS tərəfindən sənədləşmə işləri təkmilləşdirilmiş formada aparılır. Belə ki, təcili tibbi yardımın müasir tələblərə cavab verən, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədilə yeni “Çağırış vərəqi” forması, yenidoğulmuş və körpələrin bir tibb müəssisəsindən digərinə daşınması zamanı tərtib edilən “Neonatal daşınma vərəqi”, “Gündəlik iş vərəqi” formasından istifadə edilir. Onların elektron variantı da hazırlanır. “Çağırış vərəqi” formasının elektron variantı planşetlərə yüklənərək təcili tibbi yardım həkimlərinin istifadəsinə verilməklə elektron səhiyyənin inkişafına, vətəndaşların sağlamlığı vəziyyətinə “Elektron sağlamlıq kartı” vasitəsilə elektron nəzarət sisteminin tətbiqinə yardım etmiş olacaq.

Stansiyanın 21 bölməsinin hamısına internet xətti çəkilib və kameralar quraşdırılaraq rəhbərlik, həmçinin əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən bölmələrin işinə nəzarət gücləndirilib, tibb işçilərinin təhlükəsizliyi təmin edilib.

BŞTTTYS-nə müraciət edən şəxslərin xəstəxanalara səmərəli yerləşdirilməsi məqsədilə əməliyyat və hospital işlərinin təşkili şöbəsi tərəfindən gündəlik olaraq Bakı şəhərinin tibb müəssisələrində mövcud olan boş çarpayıların sayı barədə məlumat toplanır ki, bu da hospitalizasiya zamanı meydana çıxan problemlərin qarşısını alır və o cümlədən xəstələrin ərazi üzrə müvafiq bölgüsünə yardım etmiş olur.

Təcili tibbi yardım göstərilməsi məqsədilə istifadə olunan dərman preparatlarının siyahısı müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır.

Ağır xəstələrin evdə rentgen və ultrasəs müayinəsinin aparılması məqsədilə BŞTTTYS rəqəmsal və analoji rentgen, həmçinin ultrasəs aparatları ilə təmin olunub, ağır yataq xəstələrinin müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, həkim çağırışı əsasında portativ rentgen və ya ultrasəs aparatı ilə evdə rentgen müayinəsi aparılır.

BŞTTTYS-nin əlavə hazırlıq keçmiş həkim və orta tibb işçiləri IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi yarışları, “Olimpiada Gənclər Festivalı-2019”, Beynəlxalq İnformatika Olimpiadası-2019, UEFA LİGUE Final 2019, həmçinin 1200-dən artıq beynəlxalq əhəmiyyətli dövlət tədbirləri zamanı zəruri hallarda tədbir iştirakçıları və şəhərimizə gələn qonaqlara ilkin tibbi yardım göstərməklə yaxından iştirak ediblər. Tibb işçilərinin bu ağır əməyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən yüksək qiymətləndirilib və BŞTTTYS-nin bir qrup işçisi mükafatlandırılıb.

Stansiyanın həkimləri ixtisas hazırlıqlarının təkmilləşdirilməsi məqsədilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən həyata keçirilən təkmilləşdirmə kurslarında iştirak ediblər. BŞTTTYS–nin bütün həkim və orta tibb heyəti sertifikasiyadan keçib, bir çoxları yüksək ixtisas dərəcələri alıblar.

Stansiyada psixoloq fəaliyyət göstərir və bölmələrin kollektivi ilə mütəmadi olaraq görüşərək, psixoloji yardıma ehtiyacı olanlara müvafiq yardım göstərir.

BŞTTTYS-nin bölmələrində hər həftə aktual mövzulara aid, həmçinin səhiyyə sahəsində olan yeniliklərlə tibb heyətini tanış etmək məqsədilə elmi praktik konfranslar, həkimlərin bilik səviyyəsini yüksəltmək məqsədilə sorğular keçirilir.



REKLAM