sehiyye.info

Özəl klinikalarda pulsuz müalicə - Yetər ki, müqavilə olsun

Özəl klinikalarda pulsuz müalicə - Yetər ki, müqavilə olsun
"Həmin xəstəxanada vətəndaşın lazımi müayinə və müalicəsi mümkün olmadıqda, göstərişlə Agentliklə müqaviləsi olan özəl xəstəxanalara da yönləndirilə bilər"

İcbari tibbi sığorta sistemi işə düşdükdən sonra sığorta sistemində çalışan tibb müəssisələrində müalicəsi mümkün olmayan xəstəliklərin müalicəsinin harada aparılacağı sual doğurur. Sputnik Azərbaycan-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumatda bildirilir ki, vətəndaşlar ərazi üzrə icbari tibbi sığorta sistemində çalışan tibb müəssisələrinə müraciət edəcəklər: "Həmin xəstəxanada vətəndaşın lazımi müayinə və müalicəsi mümkün olmadıqda, göstərişlə Agentliklə müqaviləsi olan özəl xəstəxanalara da yönləndirilə bilər".


Agentlikdən həmçinin qeyd ediblər ki, hazırda xidmətlər zərfinə daxil ediləcək xəstəliklər dövlət qurumları ilə razılaşdırılır. Sənəd təsdiq edildikdən sonra ictimaiyyətə bu haqda ətraflı məlumat veriləcək: "Xidmətlər zərfi iki hissədən ibarət olacaq. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Baza hissə üzrə illik 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə həkim müayinəsi, laborator diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlər daxildir. Xidmətlər zərfinin əlavə hissəsi üzrə icbari tibbi sığorta haqqı müəyyən edilib. Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) illik 120 manat icbari tibbi sığorta haqqı ödəməklə əlavə hissədən istifadə edə biləcəklər".

Qeyd edək ki, ölkə üzrə icbari tibbi sığortanın 2020-ci ildən tətbiqi nəzərdə tutulur.Sputnik.az



REKLAM