Gələcəyimizin laborantları

Sehiyye.info M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Kliniki Diaqnostik Laboratoriyasın rəhbəri tibb üzrə fəlsəfə doktoru Namiq Nəcəfovun gənc labarator həkimlərinin hazırlanması və onların iş təcrübəsinin,eləcə də tibbi biliklərinin artırılması ilə bağlı dəyərli fikirlərini sizə təqdim edir.
"Səhiyyəmizdə kliniki laboratoriya xidmətinin işinin yüksək səviyyədə təşkilinə böyük əhəmiyyət verilir. Heç şübhəsiz ki, bunu respublikamızda fəaliyyət göstərən müxtəlif tibb müəssisələrinin yüksək laborator təhcizatından görmək mümkündür. Müasir dövrümüzdə hər sahədə olduğu kimi, laborator avadanlıqların da yüksək texnologiyalı avadanlıqlarla əvəz olunması çox sürətlə gedir. Bu da təbii ki, əhalinin laborator xidmətinə artan ehtiyacından doğur. Hər gün yüzlərlə ambulator və stasionar xəstələrin laborator analizlərini yüksək səviyyədə və qısa zaman içərisində həyata keçirmək üçün savadlı laborantlara böyük ehtiyac vardır. İstər dövlət, istərsə də, özəl tibb müəssisələrinin laboratoriyalarında çalışan orta tibb işçiləri – laborantlar bu günün tələbatına bəzən cavab verə bilmirlər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Kliniki Diaqnostik Laboratoriyasında 2 saylı Bakı Baza Tibb Kollecinin feldşer laborant ixtisası üzrə tədris alan tələbələri praktik dərslərinə çox böyük həvəslə qatılırlar. Onlar bu müddət ərzində bütün laborator avadanlıqlarla yaxından tanış olur, əmək fəaliyyəti yüksək olan əməkdaşlarımızla çox sıx təmasda olurlar.
Gənc laborantlar laborator analizlərin bütün etaplarında şəxsən iştirak etməkdən daha çox zövq alırlar. Preanalitik etapda xəstələrin biomateriallarını hansı şərtlər daxilində düzgün toplanması, laboratoriyaya nəql olunması və laboratoriyanın qeydiyyat bölməsində kodlanmasında müvafiq kompyüter baza proqramından istifadə olunmasında iştirak edirlər. Bundan başqa, gələcəyin laborantları laboratoriyada həyata keçirilən kliniki, biokimyəvi, hemostaz və seroloji-immunoloji analizlərin analitik etapının həyata keçməsinin şahidi olurlar.
Burada onlar avtomatik dozatorlarla (pipetlərlə) işləməyi öyrənirlər. Hematoloji, biokimyəvi, hemostaz və sidik analizatorların iş prinsipi başa salınır, müasir tibbi texnologiyanın imkanları bərabər izlənilir. Biomateriallardan nativ və rənglənmiş preparatlar hazırlanır. Həkim mütəxəssilərin köməyi ilə işıq mikroskopunda qan yaxmalarına,
sidiyin duz kristallarına, göbələklərə, bakteriyalara və ibtidailərə, onların yumurtalarına maraqla baxılır.
Bundan başqa, laboratoriyamızda hazır test cavabları üzrəində geniş müzakirələr aparılır. Gənc laborantlarımız müxtəlif analizlərinin nəticələrini referens aralığı ilə müqayisə edir və xəstələrin laborator diaqnostikasında öz fikirlərini bildirirlər."(t.e.n Namiq Nəcəfov)