sehiyye.info

Suraxanıda 102 minə yaxın sakin tibbi müayinədən keçib

Suraxanıda 102 minə yaxın sakin tibbi müayinədən keçib
Prezident İlham Əliyevin fevralın 11-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Suraxanı rayonunda böyük ruh yüksəkliyi ilə icra olunur. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə və operativ təşkil edilməsi məqsədilə rayon İcra Hakimiyyətində komissiya yaradılıb, rayon ərazisində yerləşən müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədənkeçmə qrafiki tərtib olunub. Rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada fevralın 10-dan əhalinin pulsuz tibbi müayinəsi keçirilir.

Sehiyye.ifo xəbər verir ki,Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Suraxanı rayonu üzrə 166 min 220 sakinin (18 yaşdan yuxarı) və rayonda məskunlaşan 14 min 448 məcburi köçkünün (18 yaşdan yuxarı) tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində müayinə olunur. Bu günə qədər Suraxanı rayonu üzrə 101930 nəfər və 89 müəssisənin kollektivi tibbi müayinədən keçib. Onlardan 2870 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 132 nəfər stasionar müalicəyə cəlb edilib, 125 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.

Tibb müəssisələrində işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında təlim-tərbiyə alanlara və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Rayonda əhalinin tibbi müayinəsinin aparıldığı müəssisələrdən biri də Qaraçuxur qəsəbəsində yerləşən 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır. Bu səhiyyə ocağının poliklinika hissəsində Suraxanının idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanların, habelə pensiyaçıların tibbi müayinəsinə xüsusi önəm verilir. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları tədbirin yüksək səviyyədə təşkilindən xəbər verir.

Xəstəxananın baş həkimi Ramella Quliyeva bildirib ki, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkarlanaraq insanların müalicəyə cəlb olunması məqsədilə keçirilən bu aksiya hamının ürəyincədir. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir.

Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər, əvvəlcə terapevt tərəfindən müayinə olunur, sonra isə ehtiyac yarandığı halda onlar cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər tərəfindən müayinə edilirlər.

Tibbi müayinə başlayandan indiyə kimi xəstəxanada 12 min 138 nəfər tibbi müayinədən keçib. Onların 527 nəfərində xəstəlik aşkar olunub, 8 nəfər stasionar müalicəyə cəlb edilib. Eyni zamanda, 1400 nəfərdən laborator analiz götürülüb, 208 nəfər EKQ, 1026 nəfər rentgen müayinələrindən və 174 nəfər isə USM müayinəsindən keçib.

Rayonun sakinləri tibb müəssisələrinin tibbi heyətindən, burada yaradılan şəraitdən razıdırlar. Vətəndaşların sağlamlığının qayğısına diqqətlə yanaşdığına görə xalqımız dövlət başçısının bu təşəbbüsünü alqışlayır. Genefonumuzun qorunmasına, eləcə də insanların sağlamlığının təmin olunmasına xidmət edən bu aksiya bir daha sübut edir ki, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının sağlamlığının qayğısına qalır.



REKLAM