Günvurma
Gün vurma və isti vurma fərqli anlayışlardır
Sehiyye.info xəbər verir ki, gün və isti vurma halları - insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir. Daha çox uşaqlarda, yeniyetmələrdə və qocalarda baş verir. Çünki yaş həddinə uyğun olaraq onların orqanizmi müəyyən fizioloji xüsüsiyyətə malikdir və daxili istilik tənzimi sistemi natamamdır.
Gün vurma başa birbaşa günəş şüalarının düşməsi nəticəsində beyin damarlarının artan temperaturun təsirilə genişlənməsi səbəbi ilə yaranır. Gün vurmanın əsas əlamətləri – üzün qızarması, dəhşətli baş ağrısı və başgicəllənməsidir. Bu əlamətlərdən sonra gözlərin qaralması, ürək bulanma və bəzən qusma baş verir. Bəzən burundan qanın axması və görmə qabiliyyətinin pozulması da olur. Yardım göstərilmədikdə, xəsarət alan huşunu itirir, təngnəfəslik, nəbzin sürətlənməsi baş verir.
İsti vurma gün vurmadan daha tez baş verir: isti vurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti paltarda fasiləsiz işləmək, bədənin susuzlaşması, isti havada uzun müddətli yürüş və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə keçirmək kifayət edir.
İsti vurmanın əsas əlamətləri - ümumi zəiflik, daim mürgüləmə, baş ağrısı, başgicəllənmədir. Sonra isə üzün qızarması, bəzən bədən hərarətinin 40”C kimi artması, dispepsiya, ishal, qusma baş verir.
Əgər bu vaxta qədər bədən hərarətinin həddindən artıq qızmasının səbəbləri aradan qaldırılmayıbsa, xəsarət alanda hallyusinasiya, sayıqlama, sonra isə xəsarət alanın özündən getməsi, sifət rənginin solması, dərinin soyuq olması, tər ifrazının yüksək olması, ürək döyüntüsünün pozulması, nəbzin tez və zəif olması halları baş verir. Belə vəziyyətdə xəsarət alana təcili tibbi yardım edilməzsə o, həlak ola bilər.
Necə yardım etməli?
İlk yardım hər iki vəziyyətdə eynidir. Xəsarət alanı dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır.
Başının üstünə soyuq kompress (yaş sarğı) qoymaq, bədənini yaş parçaya bükmək və yaxud soyuq su vurmaq (çiləmək), çoxlu sərin su vermək lazımdır.
Tənəffüs pozulduğu halda olaraq pambığı naşatır spirti ilə isladıb, bir neçə dəfə ehtiyatla xəsarət alanın burnuna yaxınlaşdırmaq lazımdır.
Əgər xəsarət alan insan özündən gedibsə, nəfəsi dayanıbsa, nəbzini əl ilə yoxlayıb tapmaq olmursa - həkimi gözləmək lazım deyil! Durmadan süni nəfəs vermək və örtülü ürək masajı etmək lazımdır.//abc.az