Qripin ağırlaşmaları
Qripin ağırlaşması xəstəliyin ağırlıq dərəcəsindən və orqanizmin müqavimətindən asılıdır. Xəstəliyin ağırlaşmaları ən çox ürək-damar sistemi, ağciyər xəstələri və qan dövranı pozulmuş adamlarda baş verir. Qrip orqanizmin müdafiə qüvvəsini azaldan və xronik gedişə malik xəstəliklərin gedişini ağırlaşdıran bir xəstəlikdir. Xəstələrin bəzilərində qripdən sonra nevrit, nevralgiya və radikulit inkişaf edir.
Qripli xəstələrin sinir sistemində ciddi dəyişikliklər meydana gəlir. Bu dəyişikliklər özünü baş ağrıları, yuxusuzluq, hiperesteziya, əsəbilik, bəzən sayıqlama, nevralgiya, meningial əlamətlərlə özünü göstərir. Xəstələrdə yorğunluq, tərləmə, yuxu pozğunluqları, arterial təzyiqin artması baş verir. Qripli xəstələrdə bradikardiya, hipotenziya da müşahidə edilir.
Qrip xəstəliyi ən çox uşaqlarda, immuniteti zəif olan adamlarda və yaşlı qadınlarda ağır formada keçir. Onlarda qrip kəskin toksikoz əlamətləri ilə müşahidə edilir. Bu zaman xəstələrdə taxikardiya, yüksək qızdırma, ümumi əhvalın pisləşməsi, döşdə ağrı, getdikcə artan təngnəfəslik olur. Bu əlamətlər meydana gəldikcə xəstəyə yardım edilmədikdə o ölür.
Qripin ağırlaşmalarından biri də meningitdir. Bu zaman meningial əlamətlər meydana çıxır və müalicə gecikdikdə xəstələrdə beyin əlamətləri qalır.
Qrip xəstəliyinin ən ağır formalarından biri də ildırımvari formasıdır. Bu zaman xəstə qısa bir zamanda ölür.//milli.az