40 yaşdan sonra gözdə müşahidə edilə biləcək əsas dəyişikliklər və xəstəliklər barədə
![]()
4o yaşdan sonra göz almasında bəzi dəyişikliklər müşahidə olunmağa başlayır. Bu dəyişikliklərdən bəziləri görməyə ciddi təsir etməsə də, digərləri çox ciddi və geri dönməz görmə itikisinə səbəb ola bilər. Ona görə də insan həyatının ən məhsuldar dövründə ciddi görmə itkisi ilə bağlı problemlərdən qorunmaq üçün 40 yaşdan sonra gözdə inkişaf edə biləcək xəstəliklər haqqında məlumata sahib olmaq və təbii ki, ən azı ildə bir dəfə göz həkiminin müayinəsindən keçmək lazımdır. 40 yaşdan sonra müşahidə edilən 7 əsas göz xəstəliyi barədə məlumat aşağıda yerləşdirilib.
Bəzi insanlarda 40 yaşından sonra presbiopik dəyişikliklər müşahidə oluna bilər. Presbiopiya – gözün refraksiya qüsurudur, bu zaman insan yaxın məsafədən kiçik şriftləri və balaca əşyaları görə bilmir. Bu vəziyyət yaşlanmaqla əlaqədar yaranan görmə problemlərindən biridir. Xüsusi ilə yaxın görmənin yaşa dolduqca pisləşməsi bu cür vəziyyətlərə səbəb olur. Bu zaman gözün bülluru qalınlaşaraq elastikliyini itirir. Ona görə də yaşlı insanlarda kitab və qəzet oxumaq, tikiş tikmək və ya kompüterdə saatlarla işləmək müxtəlif göz problemlərinə səbəb olur. Yəni yaxın məsafəyə (40-50 sm) görmənin pozulması ilə yanaşı baş ağrısı, göz ağrısı, yorğunluq və yuxulu vəziyyətlər yaranır.