Diabetik retinopatiya ağır göz xəstəliyidir
Diabetik retinopatiya gözdə şəkərli diabetin ağırlaşmasıdır. Xəstəlik düzgün həkim nəzarəti olmayanda göz damarlarının zədələnməsi ilə
özünü büruzə verir.
AZƏRTAC xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova xəstəlik barədə deyib: “Diabetik retinopatiya gözün torlu qişasında mikrosirkulyasiyanın pozulması, damar divarının zədələnməsi, mikroanevrizmaların əmələ gəlməsi, eksudativ ocaqların inkişafı, torlu qişanın ödemi, daha ağır formalarda isə böyük miqyaslı hemorragiyalar və neovaskulyarizasiya ilə xarakterizə olunur. İlk mərhələlərdə xəstənin göz dibindəki zədələnmə simptomsuz keçir. Görmənin azalması gecikmiş formalarda əmələ gəlir və göz dibində geridönməz dəyişikliklərin yaranmasından xəbər verir.
Retinopatiya zamanı gözün torlu qişasında baş verən qansızmalar görmədə ağır problemlər yaradır, gözün qarşısında kiçik kölgələr, duman hissəcikləri və ya üzən qara ləkələr şəklində təzahür edir. Həmin kölgələr ilk vaxtlar izsiz keçib gedir və narahatlıq yaratmır. Bəzən meydana gələn böyük qansızmalar xəstənin görməsini çox tez və tamamilə əlindən alır və hətta tam korluğa səbəb olur. Şüşəyənbənzər cismə çoxlu qansızma nəticəsində də həmin vəziyyət yarana bilər. Torlu qişanın mərkəzi hissəsinin qatlarında ödemin əmələ gəlməsi görmənin əhəmiyyətli şəkildə aşağı düşməsinə səbəb olur, çünki torlu qişanın həmin hissəsi mərkəzi görmədə və rəng duyğusunda iştirak edir, oxumağa və kiçik əşyaları görməyə cavabdehlik daşıyır.
Diabet xəstələrində gözdə yaranan dəyişikliklər şəkərli diabetin yaranmasından təxminən 5 il sonra əmələ gəlməyə başlayır. Xəstələr həmin dəyişiklikləri sonralar hiss edir. Daim qanda şəkəri normada saxlamaq, pəhriz gözləmək və sağlam həyat tərzi gözdə olan ağırlaşmaları azaltsa da, görmənin itmə riskini tamamilə aradan qaldırmır. Ona görə də korluğun qarşısını almaq üçün diabetli xəstələrə mütəmadi olaraq oftalmoloq müayinəsindən keçmək məsləhət görülür. Xəstə özü hiss etməsə də, torlu qişada dəyişikliklər başlayan kimi görmənin geridönməz şəkildə itməsinin qarşısını almaq mümkündür. Təəssüf ki, əksər hallarda diabetik retinopatiyadan xəstədən aldığı görməni bərpa etmək mümkün olmur”.
Həkimin dediyinə görə, endokrinoloq və oftalmoloqun müalicəsi kompleks şəkildə aparılmalıdır. Düzgün qidalanma və qanda şəkərin səviyyəsinin normada saxlanılması çox böyük əhəmiyyət kəsb edir. Yağlı və tərkibində karbohidrat olan şəkər, konfet və mürəbbə kimi qidalardan imtina etmək, tərkibində lipotrop maddələr olan şor, balıq, yulaf və s. qidalara, meyvə və tərəvəzlərə üstünlük vermək, ildə iki dəfə vitaminoterapiya aparmaq, əsasən B qrupu və damar divarını möhkəmləndirən C, P, E vitaminləri qəbul etmək məsləhətdir. Dərman preparatları həkim nəzarəti olmadan qəbul edilməməlidir.
Xəstəliyin profilaktikası barədə həkim-oftalmoloq bunları söyləyib: “Gözün ağır damar zədələnməsinin qarşısını almaq üçün xəstəliyin vaxtında aşkar olunması çox vacibdir. Xəstələr oftalmoloq tərəfindən altı aydan bir müayinə olunmalıdır. Diabetik retinopatiyanın ən vacib profilaktikası isə qanda qlükozanın normada saxlanılmasıdır”.