sehiyye.info

Narkomanları işgəncə ilə “müalicə edənlər”- xaricdə necədir, bizdə necə?

Narkomanları işgəncə ilə “müalicə edənlər”- xaricdə necədir, bizdə necə?
Ekspert deyir ki, bütün dünya “12 addım” proqramı ilə asılılığı olan insanları reabilitasiya edir
Bakıda narkotik, alkoqolizm və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərən “New Life” reabilitasiya mərkəzinin 5 əməkdaşı prokurorluq orqanları tərəfindən həbs olunub. APA-nın məlumatına görə, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən mərkəzin rəhbəri Orucəli Heydərov, mərkəzdə fəaliyyət göstərən Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov mərkəzdə müalicə olunan pasientlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

Hüseyn Məmmədovun valideyni və orada qalmış daha üç nəfər - Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin materiallarında göstərilib ki, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən pasiyentlərin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.

Reabilitasiya zamanı isə dünyada narkotik, alkoqol asılılığın müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub. Lakin sözügedən mərkəzdə qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib. Belə ki, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutub döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Zərərçəkmiş qismində tanınmış Hüseyn Məmmədov müalicə gedişində vəfat edib. Digər pasiyentlər Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev isə işgəncələr nəticəsində müxtəlif bədən xəsarətləri alıblar. Onların barmaqlarının sındırıldığı və digər işgəncələrə məruz qaldığı bildirilib.

İlkin olaraq Hüseyn Məmmədovun əzab verilməsi nəticəsində öldüyü güman edilsə də, ekspertiza rəyindən sonra onun yüksək dozada narkotik qəbulundan vəfat etdiyi məlum olub. Prokurorluq tərəfindən aparılan araşdırma nəticəsində saxlanılan beş nəfər Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər.



Elvüsal Hüseynov, Orucəli Əliheydərov və Famil Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib. İttihama görə onlar qanunsuz sahibkarlıq yolu ilə 81 min manat gəlir əldə ediblər. İttiham olunan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Xatırladaq ki, “New Life Reabilitasiya Mərkəzinin bir müddət əvvələ kimi yüksək tələbələrə cavab verən mərkəz olması ilə bağlı telekanallarda reklamlar verilib. Bəs, əslində asıllılığı olanlar necə müalicə olunmalıdır? Xaricdə necədir, bizdə necə?

Mövzu ilə bağlı Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov “Yeni Müsavat”a danışıb: “Əksər hallarda narkotik asılılığı olanlar müalicəyə tabe olmaq istəmir. Məlum olduğu kimi, ölkəmizdə də bu məsələdə ”12 addım" proqramından istifadə olunur. Lakin bəzi xəstələr həmin proqrama tabe olmaqdan yayınmağa çalışır. Bu səbəbdən bəzi hallarda müəssisələrdə həmin narkotik asılılığı olanlara zor tətbiq edilir. Bəzi müəssisələrdə həkim, psixoloq, mütəxəssis çatışmazlığı var. Xarici ölkə, ya Azərbaycan fərqi yoxdur, bütün dünya “12 addım” proqramı ilə asılılığı olan insanları reabilitasiya edir. Bu proqram ancaq təlim-tərbiyə işləri ilə məşğuldur. Sadəcə, fərdi birdən-birə qapalı, xəstəxanada şəraitinə adaptasiya etmək, qaydalara öyrəşdirmək çətindir".

Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev isə mövzuya bu cür rəy bildirdi:

“İlk öncə onu qeyd edim ki, əvvəlki illərə nisbətən narkotik maddə asılılığı ilə bağlı valideynlərin və yaxud asılı şəxslərin müalicəyə yanaşması tam dəyişib. Çünki müalicəni mühakimə etmədən həyata keçiriləndə onlar da müalicə almağa həvəs göstərirlər. Qeyd edim ki, ”12 addım" proqramı reabilitasiya prosesinin bir hissəsidir. Keçmiş maddə istifadəçiləri tərəfindən həyata keçirilir. Doğrudur, heç bir elmi əsası olmasa da 13-15 faiz effektiv dərəcəsi var və faydalı nəticə göstərir. Bu proqramla bağlı müxtəlif terapiyalar aparılır. Yəni bu proqramda həm də ailələr də iş aparılır. Şəxsən mən 15 ildir ki, maddə istifadəçiləri ilə işlədiyimdən “12 addım” proqramımın effektiv olduğunu tam əminliklə deyə bilərəm. Bununla belə, maddə istifadəsinə aparan faktorlar üzərində iş aparmaq lazımdır".



“Maddə asılılığı olan şəxsə müalicə zamanı zor tətbiq etmək nə dərəcədə doğrudur” sualımıza ekspert bu cür cavan verdi: “Qətiyyən buna yol vermək olmaz. Hazırda Respublika Narkoloji Mərkəzdə 2 növ müalicə metodu var: məcburi və könüllü müalicə metodu. Məcburi müalicə dövlətin qanunvericiliyinə uyğun olaraq, məhkəmə tərəfindən təyin olunur və minimum 6 ay, maksimum 2 il davam edir. Bu, sadəcə, şəxsin sağlamlığı ilə bağlı valideynin müraciəti əsasında edilir.

İkinci, könüllü metodu da iki yerə ayrılır. Biri var real könüllülük, burada şəxsin özü müalicə almaq istəyir, biri də var ki, formal könüllülük. Bu zaman şəxs asılılığı olduğunu qəbul etmək istəmir, amma ailə üzvlərinin istəyi ilə müalicəyə gəlir. Bu müalicə zamanı da öz sözünü deyir. Ona görə də istək çox vacibdir. Yəni məcburi şəkildə reabilitasiyaya yönləndirmək və yaxud mükafat təklif etmək ki, get müalicə al, sənə hər hansı mükafat verəcəyəm və yaxud cəzalandırmaq, təhdid etmək, bütün bunların effekti olmur. Ona görə də hər zaman biz məsləhət görürük ki, valideyn övladı ilə elə bir ünsiyyət qursun ki, şəxs maddədə tapdığı o komfortluğu, rahatlığı valideynin ünsiyyətində tapsın.

Beləliklə, maddə istifadəçilərinin müalicəsində könüllülük çox vacibdir. Heç kimi buna məcbur etmək olmaz. Bu həm insan hüququ baxımından doğru deyil, qanunvericiliyə ziddir, həm də effektli nəticə əldə etmək olmur".//yenimusavat



REKLAM