sehiyye.info

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi tələbinin ləğvi yoluxmaları artıra bilərmi? - AÇIQLAMA

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi tələbinin ləğvi yoluxmaları artıra bilərmi? - AÇIQLAMA
Bu il aprelin 15-dən etibarən Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir.

Belə ki, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Eyni zamanda aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Sözügedən qərar qısa zamanda cəmiyyət arasında bir sıra müzakirələrin yaranmasına səbəb olub. Belə ki, bunlardan ən önəmlisi qərarın ölkədə koronavirusa yoluxma hallarının dinamikasına hansı şəkildə təsir etməsidir.

İnsanlar PCR testin neqativ nəticəsini təsdiq edən sənədin tələb edilməməsinin yoluxma hallarının artımına səbəb olacağını düşünür.

Bəs görəsən, mütəxəssislər necə düşünür? Vətəndaşların narahatlığı əsaslıdırmı? Yoluxma halları arta bilərmi?

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov məsələ ilə bağlı Oxu.Az-a bildirib ki, bu qərar Operativ Qərargah tərəfindən dünyada və ölkəmizdəki epidemik vəziyyət nəzərə alınaraq qəbul edilib:

“Bu qərarın gələcəkdə ölkədəki epidemik vəziyyətə konkret şəkildə təsir edəcəyini düşünmürəm. Hər bir ölkədə qripal xəstəliklərin xüsusiyyəti olaraq bəlli bir dönəmlərdə kiçik və böyük dalğaların olma ehtimalı var. Bundan heç bir ölkə sığortalanmayıb. Bu günə qədər peyvənd olunmuş və yoluxma nəticəsində qazanılan immunitet nəzərə alınarsa, koronovirusun daha insanlıq üçün çox böyük təhlükə olacağını düşünmürəm. İstisna vəziyyətlər ola bilər.

Lakin bir şeyi unutmaq olmaz ki, bu xəstəliyin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemik vəziyyətdən endemik vəziyyətə keçdiyi bildirilməyənə qədər, ehtiyatlı olmaqda fayda var. Hər bir ölkə, hər bir ölkənin səhiyyəsi bu durumlarda diqqətli olmalıdır”.//oxu.az



REKLAM