sehiyye.info

Generala məxsus olduğu deyilən HOSPİTALDA QALMAQAL - 700 min borc yarandı, şöbələri bağlandı...

Generala məxsus olduğu deyilən HOSPİTALDA QALMAQAL - 700 min borc yarandı, şöbələri bağlandı...
Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə aid olunduğu deyilən "Medistyle Hospital”ın dövlət vergi xidmətinə külli miqdarda borcu yaranıb.

Nizamnamə kapitalı 3 milyon 948 min 855 manat, qanuni təmsilçisi Həsənov İlyas Şasuvar oğlu olan "Medistyle" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 680 min 897 manat 51 qəpik borcu yaranıb.



Artıq xəstəxanada bir sıra şöbələrin bağlandığı deyilir.

Məsələ ilə bağlı "Medistyle Hospital”dan Qaynarinfo-ya bildirilib ki, müvəqqəti olaraq xəstəxananın pediatriya və fizoterapiya şöbələri bağlanıb. Hospitaldan əlavə məlumat verə bilməyəcəklərini deyiblər.

Qaynarinfo-ya "Medistyle Hospital”ın rəhbərliyi ilə bağlı başqa bir məlumat da daxil olub. Bildirililir ki, hospitalın əksər şöbələri möhürlənib və xəstəxananın tam fəaliyyətinə icazə verilmir.



"Medistyle Hospital” səhimlərinin əksər hissəsi Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Faiq Tağı-zadəyə məxsusdur. Faiq Tağızadə "Medistyle Hospital”ı Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığda yerləşən Modul Tipli Hospitalının sabiq baş həkimi, hazırda həbsdə olan bacısı oğlu İmran Ağayevin himayəsinə vermişdi.

İmran Ağayev həbs edildikdən sonra "Medistyle Hospital”ın hazırkı qanuni təmsilçisi İlyas Həsənovla aralarında ciddi narazılıqlar yaranıb. İmran Ağayevin həbsinə görə yaxınları İlyas Həsənovu günahlandırır. Belə ki, koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan, Zığda yerləşən Modul Tipli Hospitala xəstələrin daşınması üçün istifadə olunan təcili təcili yardım maşınları "Medistyle Hospital”a məxsus olub.



İmran Ağayev

"Mercedes Benz Sprinter” markalı təcili yardım maşınları "Medistyle Hospital”dan icarəyə götürülüb və modul tipli hospitala təhkim edilib. Dövlət tərəfindən ödənilən icarə haqları isə "Medistyle Hospital”a köçürülüb.

Daha asan dillə desək, İmran Ağayev özünə məxsus avtomobilləri baş həkim olduğu xəstəxanaya icarəyə verib.

İmran Ağayev icarə haqlarının ona deyil, İlyas Həsənova çatdığını iddia edir. Onun sözlərinə görə, Zığda yerləşən Modul Tipli Hospitalda baş həkim olduğu dövürdə xəstələrdən özü deyil, təcili tibbi maşınlar pul tələb edib.



Bu və digər məsələlərlə bağlı hazırda həbsdə olan İmran Ağayevlə İlyas Həsənov arasında ciddi problemlər yaranıb.

Məsələ ilə bağlı "Medistyle" MMC-nin qanuni təmsilçisi İlyas Həsənovla əlaqə saxlamağa cəhd etsək də, nəticəsiz qaldı.

Mənbə Qaynarinfo.az



REKLAM