sehiyye.info

““Omicron”a yoluxanların sayının artması bizi narahat edir“ - Həkim-deputat

““Omicron”a yoluxanların sayının artması bizi narahat edir“ - Həkim-deputat
Peyvəndlər orqanizmin immunitet sistemini gücləndirir. Yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən peyvəndlər nəticəsində orqanizmdə yaranan anticisimlər müəyyən vaxtdan sonra azalmağa başlayır. Bu səbəbdən vətəndaşlar iki doza vaksin aldıqdan 5-6 ay sonra növbəti dozanı vurdurmalıdırlar. “Buster” doza xüsusilə immuniteti zəif olanlar üçün tövsiyə olunur.



Sehiyye.info xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov “buster” dozanın faydaları haqqında Modern.az-a danışıb.
Deputat pandemiyaya qarşı mübarizədə vaksinasiyanın mühüm rol oynadığını vurğulayıb.
“Son günlər dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da “Omicron” ştamı yayılır və gün keçdikcə rəqəmlərin artması, ətrafımızda həddindən çox virusa yoluxanların olması bizi narahat edir. Bu, bir daha COVID-19-la mübarizədə vacib olan bəzi məqamları təkrar etməyi bizə vacib şərt edir. Yoluxmuş insanlarla karantin rejiminin tələblərinə uyğun hərəkət etmək, maska taxılması, əl gigiyenasının qorunması, məsafənin saxlanması ilə birlikdə ən vacib faktorlardan biri də yoluxduğumuz zaman həyati təhlükə yaşamamaq üçün peyvəndlərin zamanında vurulması, əgər 6 ay tamam olubsa, “buster” dozanın tətbiqidir. “Buster” dozanın vacibliyini bir daha təkrarlamaqda məqsəd odur ki, hamı bilməlidir, peyvəndin 1-ci və 2-ci dozası kimi, “Buster” doza da olduqca önəmlidir. Ümid edirik ki, insanlar dalğaları gözləmədən zamanında gücləndirici dozaları vurduraraq həm özləri üçün, həm də ailələri və sevdikləri üçün təhlükəsizliyi təmin edə biləcəklər”.


Deputat vurğulayıb ki, yoluxma sayında rəqəmlər artsa da, əvvəlki kimi qorxuducu deyil:
“Aktiv peyvəndlənmənin həyata keçirilməsi xəstəliklə mübarizədə insanların daha çox güc qazanması üçün imkan və şərait yaradır. Bu şəraitin daha da güclənməsi və gələcəkdə bu xəstəliklə mübarizədə qətiyyən qorxusuz şəkildə həyat rejiminə dönülməsi, həyatımızın və iqtisadi, sosial fəaliyyətimizin tamamilə normal vəziyyətə dönməsi üçün cəmiyyətin həmrəyliyini ortaya qoyaraq peyvənlənmədə aktiv iştirakı əsas şərtdir və mən bunu xatırlatmağı özümə borc bilirəm”.



REKLAM