Uşaqlar arasında yayılan "Delta+"dur, yoxsa... - AÇIQLAMA
“Təəssüf ki, bəzi həkimlərin verdiyi məlumatlar həqiqəti əks etdirmir”.
Sehiyye.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bəzi həkimlərin uşaqlar arasında “Delta+” ştamının yayılması ilə bağlı fikirlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, “Delta” ştamının Azərbaycanda aşkar olunması və yayılması, eyni zamanda, dominant olması barədə Operativ Qərargahın brifinqində məlumat verilib:
“O zaman xüsusi qeyd etmişdik ki, artıq Azərbaycanda yayılan və təyin olunan COVID növü məhz “Delta”dır. Bu gün ölkəmizdə “Delta” ştamını aşkar edə bilirik. Bizim reaktivlərin də buna imkanı var. O ki, qaldı uşaqlar arasında yayılan xəstəliyə, mövsümi olaraq payız və qış mövsümündə uşaqlar arasında yüksək qızdırma, boğaz ağrısı və öskürəklə müşahidə olunan xəstəliklər hər zaman yayılır. Burada bir çox respirator viruslar, infeksiyalar var. Amma əgər bu təyin olunmursa, o demək deyil ki, bu mütləq “Delta” ştamıdır. Əgər uşaqlarda SARSCOV2 virusu olsa, bizdə aparılan həm PCR testləri, həm də ekspress testlərlə belə onun təyin olunması mümkündür və necə ki, təyin olunur”.