COVID-19-dan 70 dəfə yoluxucudur
COVID-19-un ən mutasiyaya uğramış növü olan "Omikron"un 70 dəfə daha yoluxucu olduğu məlum olub.
Sehiyye.info xəbər verir ki, bu barədə Honq-Konq Universitetinin alimləri məlumat verib.
Bildirilib ki, Honq-Konq alimlərinin gəldiyi nəticə Cənubi Afrikadakı alimlərin fikirləri ilə üst-üstə düşüb.
Araşdırma mütəxəssislərin sözlərinə görə, "Omikron" delta variantından və ya orijinal COVID-19 virusundan 70 dəfə daha sürətli ötürülür və virusun xəstələrə yoluxmasından 24 saat sonra bronxlarda yayılır.
Lakin tədqiqatçı Maykl Çan Çi-vai "Omikron" variantının təsirinin ağciyər toxumalarında əvvəlki COVID-19 viruslarına nisbətən daha az olduğunu müəyyən edib. Alim ağciyərlərdə təxminən 10 dəfə az çoxalan "Omikron" variantının bu səbəbdən daha yumşaq ola biləcəyi fikrini irəli sürüb.
Araşdırmada omikron variantının bir insandan digərinə daha tez ötürüldüyü, eyni zamanda yeni variantın əvvəlki viruslar kimi ağciyər toxumalarına zərər vermədiyi qeyd olunub.
Məlumat üçün bildirək ki, Cənubi Afrikada qeydə alınan "Omikron" ştammı bu günə qədər COVID-19-un ən çox mutasiyaya uğramış növü olaraq bilinir. "Omikron"un vaksinlərə qarşı necə müqavimət göstərdiyi araşdırılır, hazırkı nəticələrə görə, yoluxanlar xəstəliyi yüngül keçirir.