sehiyye.info

İnsana geni dəyişdirilmiş donuz böyrəkləri köçürülməsi yeni eranın başlanğıcıdır - Nuru Bayramov

İnsana geni dəyişdirilmiş donuz böyrəkləri köçürülməsi yeni eranın başlanğıcıdır - Nuru Bayramov
Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov ABŞ-da insana geni dəyişdirilmiş donuz böyrəkləri köçürülməsinə münasibət bildirib.
Sehiyye.info xəbər verir ki, bu hadisəni tibb, xüsusilə transplantasiya sahəsində böyük irəliləyiş adlandıran Nuru Bayramov indiyədək bir neçə dəfə heyvandan insana orqan köçürülməsi cəhdlərinin olduğunu, bu əməliyyatın sonuncu dəfə 1997-ci ildə Hindistanda həyata keçirildiyini vurğulayıb. O, 1997-ci ildə bu əməliyyatın ilk dəfə olaraq immun mexanizm tətbiq edilərək, desensibilizasiya üsulu həyata keçirilərək aparıldığını, lakin uğurla nəticə vermədiyini qeyd edib.
"ABŞ-da həyata keçirilən əməliyyatın özəlliyi ondan ibarətdir ki, bu əməliyyat zamanı geni dəyişdirilmiş donuz böyrəkləri istifadə olunub. Donuzların orqanlarında, o cümlədən damar endotelində qal-alfa deyilən antigenlər mövcuddur ki, bu antigenlərə qarşı insanlarda hazır anticisimlər var. Buna görə də, donuzdan insana orqan köçürülərkən insanda olan anticisimlər donuzda olan antigenlərə bağlanaraq rəddetmənin baş verməsinə səbəb olur və həmin orqan məhv olur. Bunun qarşısını almaq üçün geni dəyişdirilmiş donuzlardan istifadə olunub", - deyə professor vurğulayıb.
Onun sözlərinə görə, geni dəyişdirilmiş donuz böyrəklərindən istifadə olunduqda həmin genləri ekspressiya edən genlər blokada olunur və bu antigenlər meydana çıxmır. Bu səbəbdən həmin orqan köçürüldükdən sonra kəskin rəddetmə baş vermir. Bu isə, transplantasiyanın əsas problemlərindən biri olan kəskin rəddetmə mərhələsinin aradan qaldırılması deməkdir.
Alim qeyd edib ki, bu əməliyyatın digər fərqləndirici xüsusiyyəti rəddetmə ehtimalını azaltmaq üçün donuzun timus vəzisinin də köçürülməsi ilə bağlıdır.
Donuz orqanlarının anotomik baxımdan insan orqanları ölçüsünə yaxın olduğunu deyən Nuru Bayramov əlavə edib ki, insanlara yaxın hesab edilən meymunlarla müqayisədə, donuzların yetişdirilməsi, çoxaldılması, orqan əldə edilməsi də daha asandır.
"Bu tədqiqatlar sonrakı mərhələdə özünü doğruldarsa transplantasiyada yeni eranın başlanğıcı hesab oluna bilər", - deyən alim bu gün dünyada 100 mindən çox insanın orqan köçürülməsi əməliyatına ehtiyac duyduğunu vurğulayıb. Nuru Bayramov dünya təbabət elmində donor mənbəyi olaraq canlı donorlar və meyitlərdən istifadə olunduğunu, onların bu insanların yalnız 30-40 faizi üçün kifayət etdiyini diqqətə çatdırıb.



REKLAM