sehiyye.info

İslamın idmana və idman növlərinə baxışı

İslamın idmana və idman növlərinə baxışı
İdmanın tarixinin insanlığın varlığı ilə eyni olduğunu deyə bilərik. İdman hər bir dövrün və cəmiyyətin şərtlərinə uyğun olaraq daim formalaşan və dəyişən bir prosesdir. İdman bir oyun, fiziki fəaliyyət, həmçinin sosiallaşmaq üçün vasitəsidir. İdman fərdləri gündəlik həyatın stresindən uzaqlaşdırır, insanlar arasındakı qarşılıqlı ünsiyyət və əlaqəni artırır.
İdman sağlam olmaq, boş vaxtdan səmərəli istifadə etmək, gün ərzində müxtəlif səbəblərdən bədəndə yığılmış stresi atmaq, cəmiyyətlə uyğunlaşmaq, özünü fiziki və mənəvi baxımdan güclü hiss etmək və s. kimi bir çox məqsədlə edilir.
Fiziki hərəkətlərin minimuma enməsi, həyatımızın hər sahəsində texnologiyadan istifadə etmək, sıx həyat tempi, stress və balanssız qidalanmaya görə xəstəliklərdən yayınmaq qeyri-mümkün hala gəlib. Bu mənfi halı öz xeyrimizə çevirmək üçün müəyyən vaxtlarda idmanla məşğul olmalıyıq.
İslam dini insanların həm ruhi, həm də fiziki sağlamlığına əhəmiyyət verən, insanların mənəvi və fiziki tərbiyəsinə dəyər verən, həmçinin bu haqda bir çox hökmlər ortaya qoyan bir dindir. İslama görə, insanların mənəvi və zehni sağlamlığı mühüm məsələ olduğu kimi, insanların fiziki sağlamlığı və bədən tərbiyəsi də önəmli məsəl hesab edilmişdir.
İslamın iki əsas qaynağı olan İlahi kəlam Quran və Peyğəmbər (s.ə.s) kəlamı olan hədislərdə idmana təşviq edən bir sıra buyruqlar vardır. İdmana verilən əhəmiyyətin arxasında müsəlmanların ibadətlərini və digər vəzifələrini sağlam bir şəkildə yerinə yetirmələri, fiziki sağlamlıqlarını təmin etmələri və.s kimi səbəblər durur.
Atıcılıq, at sürmə, güləş və s. kimi idman növləri Allah Rəsulu (s.ə.s) tərəfindən təşviq və tövsiyyə edilən idman növləridir. Vaxt ötdükcə bu idman fəaliyyətlərini fərdi və ya kollektiv şəkildə izləmək, qalibləri mükafatlandırmaq kimi adət və ənənə formalaşmışdır. Bugünkü dünyada bu və ya digər idman növləri özü ilə bərabər bir çox sahədə dəyişiklik əmələ gətirmiş, ondan asılı olan bir çox sahələrin (geyim, aksesuar, reklam bazarı və s.) inkişaf və formalaşmasına təkan vermişdir.
İslam dini bütün hökm və buyruqlarında olduğu kimi idmanla bağlı buyruqlarında da “insanlara zərər verən şeyləri qadağan etmək” və “bədən və ruh sağlamlığı baxımından insana fayda verən şeyləri təşviq etmək” mövqeyindən çıxış edir.
Buna görə də İslamda bədən tərbiyəsinə müsbət töhfə verəcək, bədənin sağlam inkişafını təmin edəcək və bədənə zərər verməyən üzgüçülük, oxatma, güləş və at sürmə kimi idman növləri digər insanlara zərər verməmək şərti ilə təşviq və tövsiyyə edilmişdir.
Bunun əksinə, İslam alimləri boks, qaydasız döyüş və s. kimi bədənə zərər verən, insan sağlamlığına mənfi təsir göstərən idman növləri ilə məşğul olmağı məsləhət görməmişlər, idman adı altında dəvə, öküz və xoruz döyüşdürməyi ağır günah hesab ediblər, bəzən də bu kimi insana və digər canlılara zərər verən idman növləri ilə məşğul olmanın haram olduğunu qeyd etmişlər. Həmçinin İslamda fəlakətlə nəticələnə biləcək avtomobil və ya motosiklet yarışları da qadağan edilmişdir. İslama görə, özünə və başqalarına dili və ya əli ilə zərər vermək qadağan edildiyi üçün özünə və başqalarına açıq-aşkar zərər vermə ehtimalı olan idman növləri də bu hökm çərçivəsində haram və məsləhət görülməyən bir məşğuliyyət hesab edilmişdir.
İslamın beşiyi və təmələnin atıldığı, eyni zamanda Səadət Əsri adlanan Allah Rəsulunun (s.ə.s) yaşadığı dövrdə müsəlmanlar sadəcə günlük, həftəlik və illik ibadətlərdən olan namaz, həcc, yaxud həyatlarına məna və dərinlik qatan təfəkkür və zikr kimi ibadətlərlə məşğul olmamış, bütün bunlarla yanaşı bir sıra idman növləri ilə də məşğul olmuşlar.



REKLAM