sehiyye.info

Havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - SİYAHI

Havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - SİYAHI
Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülən tədbirlərin tərkib hissəsindən biri havaya atılan tullantıların azaldılması və normalara cavab verməsidir. İctimai-iaşə obyektlərində aparılan monitorinqlər nəticəsində restoran və şadlıq saraylarının 90 faizində təmizləyici qurğular quraşdırılıb.

Bunu jurnalistlərə açıqlamasında ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev bildirib:

“Lakin bəzi şadlıq sarayları və restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması ilə bağlı ETSN-ə şikayətlər daxil olduğundan tərəfimizdən təkrar monitorinqlərə başlanılıb. Keçirilən monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub.

Bunlar “Real”, “Golden Ring”, “Sonalar Sonası”, “Milord”, “Həyat”, “Cənnət”, “Flaminqo”, “Qızıl Buta”, “Madonna”, “Afrodita”, “Oazis”, “Qızıl Tac”, “Gold Palace”, “Niel”, “İdeal”, “Şəhanə” və digər şadlıq saraylarıdır. Onların sahiblərinə çirklənmiş filtrlərin vaxtında dəyişdirilməsi barədə göstərişlər verilib. Araşdırma və monitorinqlər davam etdirilir”.

ETSN rəsmisi bildirib ki, təmizləyici qurğuların quraşdırılması ilə iş bitmir, bundan sonra da qurğulara davamlı texniki xidmət göstərilməli, filtrlər vaxtaşırı dəyişdirilməli, verilən göstərişlər yerinə yetirilməlidir:

“Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması qarşımıza mühüm vəzifə kimi qoyulub və bundan sonra da bu istiqamətdə nazirlik tərəfindən lazımi və sərt tədbirlər görüləcək”.



REKLAM