sehiyye.info

“Uşağı xəstə-xəstə bağçaya, məktəbə yollamaq, bizim milli bəlamızdır”

“Uşağı xəstə-xəstə bağçaya, məktəbə yollamaq, bizim milli bəlamızdır”
“Hava, iqlim dəyişkənliyi uşaqların sağlamlığına fiziki və psixoloji baxımdan çox təsir edir”.

Səhiyye.info bildirir ki,Bunu Moderator.az-a iqlim dəyişikliyi ilə əlaqədar bəzi xəstəliklərdən qorunma yollarından danışan həkim Vaqif Qarayev deyib:

“Standart mövsüm dəyişikliyi zamanı - istər qışdan yaza, ya da payızdan qışa keçiddə - bəzi xroniki xəstəliklərin kəskinləşmə mövsümüdür. Ona görə insanlar gərək, həm geyim, həm də qidalanma baxımından ehtiyatlı olsunlar. Bir müddət sonra mövsümi meyvə - tərəvəz qurtaracaq, yeniləri isə hələ bitməyib. Ona görə də təbii boşluq yaranacaq. Obrazlı desək, gərək o boşluğa düşməyək. Ona görə də uşaqlar davamlı olaraq, meyvə və tərəvəzlə maksimum qidalansınlar.

Evdən çıxarkən geyimimizi havaya uyğun, düzgün seçməliyik. Bilirik ki, bu aylarda hava dəyişkən olur: bir gün günəşli, o biri gün yağışlı... Yəni, bu gün uşağı yüngül geyindirib bayıra çıxara bilərik. Amma sabahı gün stabil hava olmaya bilər və biz səhvən, dünənə aldanıb övladımıza yalnış geyimləri geyindirə bilərik. O da təbii ki, soyuqlaya bilərlər. O baxımdan, uşaqlar havaya uyğun geyinməlidirlər.

Hava, iqlim dəyişkənliyi uşaqların sağlamlığına həm də psixoloji baxımdan çox təsir edir. Xüsusən, məktəbli uşaqlarda psixoloji baxımdan çox dəyişikliklər olur. Günəşli, xoş havada sevinirlər, diqqət konsentrasiya olunur, yaddaş güclənir. Pis havada isə psixoloji durğunluq olur.
Uşaqlarda yaz mövsümündə daha çox revmatik və mədə-bağırsaq problemləri kəskinləşir, əsəb sistemində bəzi xəstəliklər yaranır. Bu cür xroniki problemi olan uşaqlara həkim-mütəxəssislər tərəfindən hər zaman müalicə kursu yazılır.

Valideynlər müalicə kursundan qaçmamlıdır. Uşaqlarda yaz allergiyası da olur. Bu cür xroniki narahatlıqları olan uşaqların valideynləri mütləq mövsüm dəyişikliyi zamanı həkim məsləhətindən faydalanmalıdırlar. Bu, çox vacibdir. Çünki yaz kəskinləşmələri müalicə olunmasa ilboyu uşağa əziyyət verəcək.

Tövsiyə edirəm ki, təmiz hava qəbulu çox önəmli olduğ üçün hava vannası qəbul etsinlər. Hava şəraitini nəzərə alaraq, ona uyğun geyimlə havada çox olmaq lazımdır.

Bizdə belə bir adət var: Uşağı bayıra çıxaranda ağzını-burnunu qalın şərflə bağlayırıq. O zaman havada olmağın heç bir mənası qalmır. Əgər havadasansa və ağız-burnun bağlanıbsa, nəticədə, təmiz hava ilə yox, nəmli, rütubətli hava ilə nəfəs alacaqsan. Bilmirəm, bizdə bu milli xüsusiyyətdən irəli gəlir, ya yox, hər dəfə qeyd edirəm ki, uşaq doğum evindən çıxan kimi mütləq təmiz havada olamlıdır. Bu, mütləqdir! Lakin bəzi adətlərimiz var: məsələn, uşağın 40-ı çıxmamış havaya çıxarmaq olmaz. Qışda, soyuqda havaya körpə uşağı çıxarmırıq. Təmiz hava çox vacibdir. Yəni, havadan maksimum istifadə etmək lazımdır. Bunu da qeyd edim ki, son günlər bəzi saytlardan, sosial çəbəkələrdən oxuyuram ki, H1N1 virusunun qayıtması ehtimalı çoxdur. Amma demək istəyirəm ki, nəinki bu virus, hətta digər qrip infeksiyalarından, xəstəliklərdən qorunmaq üçün immunitetimizi gücləndirmək üçün yuxarıda qeyd etdiklərimi etmək lazımdır.

Əgər uşaq xəstədirsə, onu bağçaya, məktəbə aparmaq lazım deyil. Bu bizim milli bəlamızdır. Xəstə uşaq bağçaya nə üçün getməlidir, axı?! Belə olan halda, gec sağalacaq, ağırlaşma ehtimalı həddən artıq yüksək olacaq. Həm də sağlam uşağı yoluxduracaq. Bəzən, valideyn uşağına məsuliyyətsiz yanaşır və ya işdən qala bilmir deyə, onu xəstə-xəstə məktəbə-bağçaya buraxır. Amma valideynin işinin olması ona əsas vermir ki, başqasının sağlam uşağını yoluxdursun. Təklif edirəm ki, bu sahədə çox ciddi maariflənmə aparılsın. Mən oktyabr ayından az qala hər gün yazıram, çağırış edirəm ki, xəstə uşağı məktəbə, bağçaya aparmayın. Təkcə mən yox, digər həkimlər də bunu yazır, deyir. Ancaq bu işdə televiziyalar sosial çarxlar hazırlamalıdır. Bu, dovlət kanallarının birbaşa borcudur. Cəmi yarım dəqiqəlik sosial çarx hazırlamaqla əhaliyə nəyisə çatdıra bilərik. Bu, özəl kanallara da aiddir. Bu cür maarriflənmə, təbliğat aparmaq birbaşa televiziyaların borcudur”.



REKLAM