sehiyye.info

Yüksək təzyiqlə səhv salınan 5 xəstəlik

Yüksək təzyiqlə səhv salınan 5 xəstəlik
Yüksək təzyiq-hipertoniya bu gün dünyada cavanlaşan və bir xəstəlik kimi yox, digər xəstəliklərin əlaməti kimi baş qaldıran simptom kimi qəbul olunur.

Sehiyye.info Medicina.az-a istinadən xəbər verir ki, əgər sizə elə gəlsə ki, təzyiqiniz qalxıb, hətta bunu tonometrlə ölçdükdə görsəniz də, təzyiq salan dərmandan istifadə etməyə tələsməyin. Hər təziyiqin yüksəlməsi heç də hipertoniya xəstəliyi demək deyil.

Çünki yüksək təzyiq bu 5 digər xəstəlikdə də olur. Ona görə bu zaman əsas xəstəliyi müalicə etmək lazımdır ki, təzyiq normallaşsın. Bəzən həkimlərin belə dərinliyinə gedib araşdırmadığı həmin xəstəlikləri sizə təqdim edirik:

1. Gərginlik tipli baş ağrıları

Oturaq işdə çalışanlar, kompüter, telefon qarşısında çox olanlar, qapalı məkanlarda olanlar və ya sadəcə gərginlikdən başın, boynun, gicgahın ağrıması çox zaman yüksək təzyiqlə səhv salınır. Bu ağrılar boyun və çiyin əzələlərinin spazmı və gərginliyindən də olur. Bu zaman ola bilər ki, təzyiqi ölçdükdə bir az yuxarı göstərə bilsin.

Lakin siz baş ağrısı dərmanı içsəniz, 1 saat açıq havada olandan sonra, boyun çiyin masajı, gimnastikası etsəniz bu ağrı keçəcək. Əgər keçərsə, deməli, problem təzyiqdə deyil.

2. Qanda qlükozanın azalması

Qanda şəkərin düşməsi də təzyiq yüksəlməsi və enməsi əlamətləri verir.

Əslində isə hipoqlikemiya – qanda şəkərin kəskin düşməsi baş verib. Sağlam insanlaerda bu çox ac qaldıqda, yemək arasında uzun fasilələr zamanı baş verir. Şəkər xəstələrində isə insulin və dərman qəbulundan sonra normal miqdarda yemək yeməyəndə olur. Eləcə də bəzi dərmanlar, alkoqol şəkəri qəfil salır.

Qanda şəkər düşdükdə insanın başı gicəllənir, başı ağrıyır, titrəmə olur, tərləyir, gözləri bulanır. Yüksək təzyiqə bənzəyir. İnsan bayıla da bilər. Bu zaman həmin şəxs şərbət, şirin çay, kofe, şokolad və ya çörək yeməlidir.

Əgər bu hal tez-tez baş verirsə, müəyyən analizlər verib, diabet və qanda hemoqlobinin qlikiləşməsinin miqdarını təyin etmək lazımdır.

3. Təşviş pozuntusu

Təşviş-həyəcan pozuntusu və nevrozu olan insanlarda da yüksək təzyiqə bənzər əlamətlər baş qaldırır. Baş gicəllənmə, ürək döyüntüsünün artması, ürəkbulama, baş ağrısı, gözlərdə qaralma, təngnəfəslik, aşağı ətrafların soyuması, huşun itməsi. Panik atak yaşayanda da bu hallar baş verir.

Yüksək dərəcədə təşviş və panik atak o deməkdir ki, orqanizm stressə çox güclü reaksiya verir, qana həddən artıq çox adrenalin sıçrayır. Adrenalin də öz növbəsində təzyiqi yüksəldir. Amma burda əsas müayinə və müalicə təzyiqə qarşı yox, şəxsin nevroloji və psixiatrik durumunun təyininə yönəlməlidir və o, nevroloq və psixiatra müraciət etməlidir. Təyin olunacaq dərmanlar da təzyiqə qarşı yox, sakitləşdiricilər olmalıdır.

4. Müxtəlif infeksiyalar

İnfeksion xəstəliklər – herpes, sitomeqalovirus, Epşteyn Barr və s. halsızlıq, təzyiq, baş ağrısı, titrəmə, əzginlik verə bilər.

Əgər uzun müddət təzyiq az da olsa qalxırsa, lakin dərman təsir etmirsə, halsızlığınız düzəlmirsə, o zaman gizli infeksiyalardan analiz verin.

5. Hipotireoz

Qalxanvari vəzin fəaliyyətinin azalmasıdır. Bu xəstələrdə əl-ayaq donur, dəri avazıyır, kökəlir, dəri quruyur, menstrual tsikl pozulur, insan əsəbi olur. Depressiya və nevroz əlamətləri fonunda yüksək təzyiqə də şübhə yaranır.

Ona görə də bu əlamətlər olduğu halda endokrinoloqa gedib, hormonları və zobu yoxlatmaq lazımdır.



REKLAM