sehiyye.info

Sonsuzluq

Sonsuzluq
Ana olmaq hər bir qadının arzusudur. Təəssüf ki, nikahların ümumi sayında sonsuz nikahların nisbi miqdarının artması ilbəil müşahidə olunur. Bu problemin bir neçə tərkib hissəsi var. Bu gün artıq mübahisəsiz qəbul edilmişdir ki, sonsuzluğun kişilərlə və qadınlarla əlaqədar səbəblərinin nisbəti təxminən eynidir və buna görə də ər və arvadın hər ikisi müayinə olunmalıdır.

Sehiyye.info xəbər verir ki,sonsuzluğa gətirib çıxara biləcək amilləri aradan qaldırmağa imkan verən profilaktik tədbirlər çox böyük əhəmiyyət kəsb edir. Sirr deyil ki, hamiləlik prosesinin süni pozulması bu günə qədər doğumun tənzimlənməsinin əsas vasitəsi olaraq qalır. Bu məsələyə məsuliyyətlə yanaşmaq lazımdır.

Bəzən müraciət edilən gün hamiləlik pozulur. Bu zaman tətbiq edilən cərrahi müdaxilə üçün göstərişləri təsdiq etməyə imkan verən müayinələr aparılmadan və bu müdaxiləyə əks göstərişləri (kiçik çanaq orqanlarının iltihabı və digər xəstəlikləri, infeksiya) nəzərə alınmadan, əksər hallarda əsaslandırılmamış müdaxilə aparılarsa, bu, müxtəlif fəsadlara və təkrar cərrahi müdaxilələrə gətirib çıxara bilər. Buna görə də hamiləliyin erkən dövrdə dayandırılmasının medikamentoz, yaxud cərrahi müdaxilə metodundan asılı olmayaraq, əsaslandırılması və abortdan sonrakı dövrdə orqanizmdə ginekoloji statusun bərpa müalicəsinin düzgün və tam aparılması çox vacibdir.

O zaman kı, hamiləlikdən qorunmaq zəruriliyi yaranır bu hallarda orqanizm üçün təhlükəsiz, müasir hormonal kontrasepsiya vasitələrinin tətbiq edilməsi məqsədəuygundur. Bu vasitələrin tərkibindəki hormonların miqdarı minimal dozada, onların əlavə təsirləri isə minimal səviyyədə olur. Onlar xəstələr tərəfindən yaxşı qəbul edilir, hətta uzun müddət istifadə edildikdə də fəsadlara səbəb olmur. Bəzi ginekoloji xəstəliklər zamanı isə (yumurtalıqların disfunksiyası, endometrioz və s.) həmin dərmanların müalicəvi təsiri olur.

Uşaqlıqdaxili kontrasepsiya vasitələrinə gəldikdə isə, ana olmamış cavan qadınların onlardan istifadə etməsi məsləhət deyil. Uşaqlığa yad cisim daxil olması əksər müşahidələrdə xroniki iltihab prosesinə səbəb olur və bu, borudaxili bitişmə prosesində əlavə amilə çevrilə bilər.

Boru-peritoneal sonsuzluğun yaranmasının digər mühüm amili kiçik çanaq orqanlarında aparılan əsassız, xüsusən dölün kəsilməsi metodu ilə cərrahi müdaxilələrdir. Adətən, bu metoddan təxirəsalınmaz ginekoloji xəstəlik hallarında (uşaqlıqdan kənar hamiləlik, yumurtalıq kistasının partlaması və s.) istifadə edilir.

Müayinə və müalicənin mərhələlərində ən yeni texnologiyalardan və əsasən, endoskopik texnologiyadan istifadə edilməsi bir sıra səbəblərə görə məqsədə-uyğundur. Bu, ilk növbədə, qadın orqanlarını qoruyan əməliyyatlar aparmağa və onun reproduktiv funksiyasını qoruyub saxlamağa imkan verir.



REKLAM