sehiyye.info

Bakıdakı böyrək alverçiləri ilə bağlı ŞOK FAKTLAR - 30 nəfərin böyrəyi...

Bakıdakı böyrək alverçiləri ilə bağlı ŞOK FAKTLAR - 30 nəfərin böyrəyi...
Tez-tez Bakıya gələrək, buradakı müxtəlif klinikalarda müayinə və müalicələr aparmış iranlı həkim barəsində cinayət işi başlanıb.

İran vətəndaşı olan cərrah-transpantoloq Tahiri Mahmudi Mohsen Mirzə Mohammadbager Azərbaycan Cinayət Məcəlləsinin 137 (insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham olunur. Onun haqqında araşdırmalar Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır.

Adıçəkilən həkim İranda “Xomeyni xəstəxanası”nda fəaliyyət göstərib. Bakıda pasiyentlər arasında daha çox Mohsen Tahiri kimi tanınıb. O, əsasən özəl klinikalarda, o cümlədən 9-cu mikrorayonda yerləşən “ElMed”də müayinə və müalicə ilə məşğul olur, bəzi hallarda Bakıda xəstələrin evinə də gedirmiş.

Mohsen Tahiri azərbaycanlılar arasında böyrək alverində ittiham olunur. Söhbət Bakıda böyrək xəstəliyindən əziyyət çəkən, orqan transplantasiyasına ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanların tapılıb görüşdürülməsi, qiymət razılaşmasından sonra hər iki tərəfin İranda onun işlədiyi xəstəxanada müayinəsinin təşkili (böyrək köçürməsinin mümkün olub-olmadığının müəyyənləşdirilməsi) və sonda Gürcüstanda “Lanset” klinikasında transplantasiyanın həyata keçirilməsindən gedir. Cinayət işində 30-a qədər böyrək satışından bəhs olunur.

Böyrəyin qiyməti resipientlə donor arasında razılaşdırılıb. Yəni qiyməti böyrəyini satanla alanın özü müəyyənləşdirib. Məbləğin adətən 9-12 min arası olduğu bildirilir. Cərrahiyyə əməliyyatı üçün Gürcüstandakı “Lanset” klinikasına 8 min dollar, hər dəfə İrandan gəlib orada böyrək köçürməsini həyata keçirən Mohsen Tahiriyə isə 10 min dollar pul verilib. Bundan əlavə, İrana və Gürcüstana səfərlər üçün çəkilən xərclər də resipientin üzərində olub.

Azərbaycanın hüquq-mühafizə orqanları böyrək alverinə görə iranlı cərrahla yanaşı, “Lanset”in azərbaycanlı rəhbəri Fərman Ceyranlı haqqında da eyni maddələrlə cinayət işi açıb və araşdırmalar gedir. Fərman Ceyranlı hazırda Gürcüstanda həbsdədir. O, 2016-cı ilin martında “Lanset”də qaraciyər köçürməsi zamanı iki xəstənin ölümünə görə cinayət məsuliyyətinə cəlb olunub. İddia olunur ki, ölən xəstələrdən heç birinin təcili əməliyyata ehtiyacı olmayıb, onları cərrah-transplantoloq və klinikanın direktoru əməliyyata inandırıb. Xəstələrə deyiblər ki, onlara təcili qara ciyər köçürülməlidir, bunun qiyməti 40 min dollardır. Hər iki xəstə kredit götürüb. Onlar 2016-cı il martın 3-də və 8-də əməliyyat olunub. Hər ikisi əməliyyatdan sonra bir həftə ərzində vəfat edib.

Fərman Ceyranlıya öncə 6 il həbs cəzası verilmişdi. Ötən ilin dekabrında Gürcüstanda apellyasiya məhkəməsi onun cəzasını 2 il 3 ayadək azaldıltdı. Fərman Ceyranlı isə özünü təqsirli bilmir və siyasi məqsədlərlə həbs olunduğunu deyir.

2016-cı ilin martında Fərman Ceyranlının həbs olunandan sonra da azərbaycanlılar arasında böyrək alveri davam edib. “Lanset”in fəaliyyəti dayandığından Möhsen Tahiri ondan sonra əməliyyatları Tacikistanın paytaxtı Düşənbədə Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki “İnsan orqanları və toxumaların transplantasiyası üzrə Milli Elmi Mərkəz”də həyata keçirib.

İranlı həkimə Bakıda yardım edənlərdən biri – taksi sürücüsü Vahib Xudadatov 2018-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunandan sonra bu işlərin üstü açılıb. Vaxtilə Xudadatovun qızı da böyrək xəstəliyindən əziyyət çəkdiyinə görə o, Dializ Mərkəzindən bir çox xəstələri tanıyır, imkansızlıqdan böyərini satmaq istəyən şəxslərin bu barədə elanlarını izləyir, həmin şəxsləri tapıb görüşdürürmüş.(Bizimyol.info)



REKLAM