sehiyye.info

“Həkim, mənə ölüm ver...”

“Həkim, mənə ölüm ver...”
Son dövrlər səhiyyə ocaqlarında baş verən saysız-hesabsız ölüm xəbərlərini oxuyanda adamın ağlına ancaq bu gəlir: bəlkə bu ölümlərin çoxu eftanaziyanın əsəridir? Amma sonradan məlum olur ki, ölkədə qanunla eftanaziya qadağandır. Və baş verən ölümlər də əsasən həkim səhlənkarlığı, savadsızlığı, xəstənin məlumatsızlığı ucbatından baş verib. Amma bəzi dünya ölkələri eftanaziyanı qəbul edib və bu, mütləq zərurət olduğu halda tətbiq olunur. Ölkələr üzrə mənzərəyə keçməzdən əvvəl eftanaziyanın tarixinə və mahiyyətinə nəzər salaq.

Hollandiyada eftanaziyaya verilən tərif aşağıdakı kimidir: “Bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsi evtanaziya adlanır”. Yunan dilindən tərcümədə isə bu söz “gözəl ölüm” deməkdir. “Evtanaziya” sözü ilk dəfə XVII yüzillikdə F.Beykon tərəfindən işlənib. O, bu sözü “yüngül ölüm” mənasında işlədib, XIX əsrdə isə bu ifadə “kimisə mərhəmətdən öldürmə” mənasını daşımağa başlayıb.

Dünyanın bir neçə ölkəsində insanların həyatı könüllü tərk etməsinə icazə verilir. Birinci məkan Fələstindir. Burada könüllü ölməyin çox sadə və çeşidli yolları var ki, hamısına da “sionist işğalçılarına qarşı şəhadət” deyilir. İkinci məkan Hollandiyadır ki, burada ağır xəstə olan insanların ölüm seçmələri qanunla rəsmiləşdirilib. Üçüncü məkan ABŞ-ın Oreqona, Vaşinqton, Oregon, Montana və Vermond ştatlarıdır. Dördüncü ölkə isə Hollandiya sayılır. Belçika parlamenti isə eftanaziya qanununa dəyişiklik edərək onun uşaqlara da şamil olunmasına icazə verib. Qeyd edək ki, Belçika dünyada belə bir qanun qəbul edən ilk ölkədir. Evtanaziya Təşkilatının sədri Petra de Yonq verdiyi açıqlamada bildirib ki, evtanaziya xəstələrin şəxsi həkimləri varsa, psixiatrları və müalicə olunduqları xəstəxanalarla müzakirə aparıldıqdan sonra həyata keçirilir.

***
Eftanaziyanın müxtəlif formaları var. Passiv eftanaziya müxtəlif şərtlər altında müxtəlif ölkələrdə qanuni olduğu halda, aktiv eftanaziya bir çox ölkədə qadağandır. Passiv eftanaziya dedikdə öldürücü yoluxucu xəstəliyi olan birinin müalicə edilmədən passiv olaraq ölümünə gətirilib çıxarılması deməkdir.

Mövzuya aidiyyəti olduğu üçün bir detalı da qeyd edək. Bu günədək həyatına evtanaziya vasitəsilə son verən məşhurlardan biri kimi filosof Ziqmund Freydin adı çəkilir. Ömrünün son illərində xərçəngdən əziyyət çəkən Freyd 1939-cu il sentyabrın 29-da evtanaziya ilə dünya ilə vidalaşıb.

ABŞ-dan olan erməni əsilli həkim Cek Gevorkyan isə 130 nəfəri evtanaziya edərək insanlıq tarixinə “ölüm həkimi” kimi düşüb. Gevorkyan bulvar qəzetlərindən birindəki elanda yazırdı: “Əgər ağrısız ölmək istəyirsinizsə, mən sizə yüngül ölüm hədiyyə edəcəyəm”. Məsələnin üstü açıldıqdan sonra C.Gevorkyana 25 il həbs kəsilib və o, həkimlik haqlarından ömürlük məhrum edilib.

Bu arada xatırladaq ki, bəzi ölkələrdə xəstənin taleyi ilə bağlı olan bu qərar məhkəmə vasitəsilə verilir. Əks halda, onun tibbi bir şəkildə ölməsi cinayət aktı kimi həkimin adına yazılır və onu ciddi məsuliyyət gözləyir. Ötən yay dünya mətbuatında yer alan bir xəbər də elə bu qəbildən idi. Amma bu dəfə xəstəxanada yer boşaltmaq məqsədilə eftanaziya aktı baş vermişdi. Hadisə Braziliyanın Kuritiba şəhərində, intensiv terapiya xəstəxanasının baş həkimi Soareş de Souzanın ən azı 7 nəfərin ölümündə günahkar olmasından sonra cəmiyyətə açıqlanmışdı. İttiham olunanlar arasında Souza ilə yanaşı daha 3 həkim, 3 tibb bacısı və fizioterapevt olub. Onlar kritik vəziyyətdə xəstəxanaya gətirilən pasiyentlərə eftanaziya tətbiq ediblər.

* * *
Azərbaycanda isə eftanaziya qanunla qadağandır. “Pasiyentin hüquqları haqqında” qanunda tibb işçilərinin ölümün tezləşdirilməsi haqqında (eftanaziya) pasiyentin özünü, onun qohumlarını və ya maraqlarını təmsil edən şəxslərin xahişini yerinə yetirməsi qadağandır. Yeni qanuna əsasən, beyin ölümü faktının təsdiqlənməsi zamanı xəstənin həyatının saxlanılması vasitələrinin kəsilməsi haqqında qərar yazılı surətdə həkim məsləhət komissiyası tərəfindən qəbul edilir. Qanunda həmçinin qeyd olunub ki, transplantasiya məqsədilə orqan və (və ya) toxumalar çıxarılarkən həyatın saxlanılması vasitələrinin kəsilməsi haqqında qərarın qəbuluna transplantoloqların və donor xidmətinin işini təmin edən və maliyyələşdirən şəxslərin cəlb edilməsinə yol verilmir.

Lakin dində bununla bağlı nadir hallarda istisna hal da var. Məsələn, əgər hansısa xüsusi vəziyyət yaranarsa, yəni ağır sağalmaz xəstənin xəstəliyinin başqalarına yoluxdurmaq riski varsa, istisna kimi bu addımı atmaq olar. Amma ekspertlərin fikrincə, bunun kütləvi hal kimi yayılmasına qətiyyən yol vermək olmaz.

Eftanaziyanı bir çox hallarda intiharla bərabərləşdirirlər. Bu halda o da intihar kimi haram sayılır. İntihar etmək haram olduğu kimi, bir şəxsin özünün öldürülməsini tələb etməsi və belə bir tələbi yerinə yetirmək də haramdır. Dini ekspertlər hesab edir ki, xəstə insanı bu cür öldürənlərlə sağlam insanı öldürmək arasında heç bir fərq yoxdur. “Xəstəlik, çətinlik və acı hadisələr insanların sınanması, imtahanıdır. Quranda da ”Allah səbr edənlərlədir", - deyilir.

musavat.com



REKLAM