sehiyye.info

Hamilə arvadını öldürdü, sonra dəli oldu - İnanılmaz

Hamilə arvadını öldürdü, sonra dəli oldu - İnanılmaz
Ağsu rayon sakini, 1991-ci il rəvəllüdlü Anar Bəkirov Abşeronun Qobu qəsəbəsindəki “Xoş Gəldin” yaşayış massivində arvadı Leylanı öldürüb.

Sehiyye.infonun xəbərinə görə, Anar Bəkirov ötən il aprelin 29-da saat 21 radələrində yaşadığı evdə rəsmi nikahda olduğu arvadı Leyladan başını yumaq üçün su qızdırıb, suyu başına tökməsini tələb edib.

Leyla onun bu dediyinə əməl etməyib və bu səbəbdən arada mübahisə yaranıb. Anar arvadının başqa şəxslə cinsi əlaqədə olaraq xəyanət etməsindən şübhələnib və qısqanclıq zəminində onu öldürmək qərarına gəlib.

Anar 2018-ci il təvəllüdlü qızı Əsmanı yatızdıran və 22-23 həftəlik hamilə olan Leylaya bıçaqla 8 zərbə vurub. Leyla aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Anar Bəkirovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin iştirakının təmin edilməsi məqsədi ilə Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına bildiriş göndərilsə də, xəstəxandan onun psixi vəziyyətinə əsasən məhkəmə iclaslarında iştirak etməsinin mümkün olmadığı bildirilib.

Cinayət hadisəsindən sonra bu duruma düşən Anar Bəkirovun iştirakı olmadan məhkəmə iclası keçirilib. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilib.

Anar Bəkirov istintaqa ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2009-cu ildə Ağsu rayonunda orta məktəbi bitirib, 2011-ci ildə isə hərbi xidməti başa vurub və Ağsu rayonuna qayıdıb: ”Daha sonra Bakı şəhərinə köçərək əvvəl şadlıq evlərinin birində ofisiant, daha sonra “Vizor Domofon” firmasında işləmişəm. 2014-cü ildə sosial şəbəkədə Leyla adlı qızla tanış oldum və onunla yazışmağa başladım.

Bir müddətdən sonra ona mobil telefon nömrəmi verdim. Artıq telefonla danışarkən Leylanın səsini eşidəndə dərhal həmin qızın əmim nəvəsi olduğunu bildim. Bundan sonra biz bir müddət görüşdük.

2017-ci ildə ailə qurduq və bu nikahdan 2018-ci ildə Əsma adlı qızımız oldu. Qardaşım Elvin mənə Abşeron rayonu Qobu qəsəbəsində “Xoş gəldin” yaşayış massivində həyət evi aldı. Biz hadisə baş verən tarixədək həmin ünvanda yaşadıq”.

Anar Bəkirov qeyd edib ki, 2020-ci ilin əvvəllərində Leyla ona ikinci uşağa hamilə olduğunu deyib: “Arvadımın hamiləliyi ilə bağlı həkim müayinələrinə aparıb-gətirmişəm. Leylanın hamilə olması barədə ailə üzvlərimə və qohumlarıma bildirmişəm. Həmin hamiləlikdən bizim oğlan uşağı olacağını gözlədik. Arvadım Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində 276 saylı körpələr evi və uşaq bağçasında işləyib, bağçada uşaqların qidalanması işinə baxıb.

Amma dəqiq nə işlədiyini bilməmişəm. Ölkədə COVID-19 pandemiyası ilə əlaqədar sərt karantin rejimi tətbiq edildiyindən nə özüm, nə də Leyla işə getmədik. Bütün günü evdə olduq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən günü, saat 20-21 radələrində arvadı Leylaya başını yumaq üçün su qoymasını tapşırıb: “Leyla suyu qoydu. Su qızanda onu isti-soyuq etməkdən imtina etdiyi üçün özüm suyu ilıqlatdım. Leyladan başıma su tökməyi xahiş elədim. Əsəbi tərzdə “hər şeyi mən edirəm, sən heç nə eləmirsən”, - deyə başıma su tökmək istəmədi.

Leylanın hərəkətlərinə əsəbləşdim. Başımı yumayaraq onunla mübahisə etdim. Ona uşağı yatızdırmağı tapşırdım. Leyla divanda arxası otağın girişinə, üzüm pəncərəyə doğru oturdum.

Leyla ayaqlarının üzərində olan yastığa uzatdığı Əsmanı yelləməklə yatırtmaq istədi, amma körpə yatmadı. Evin məbəxinə keçdim, oradan bıçaq götürərək şalvarımın kəmərinə keçirdim. Sonra Leylanın olduğu otağa qayıtdım. Onun qarşısına keçərək bıçağı çıxardım. Solaxay olduğumdan sol əlimlə yuxarıdan aşağı Leylanın ürək nahiyəsindən bir dəfə möhkəm zərbə endirdim. Leyla həmin zərbədən qışqıraraq ayaqlarını özünə tərəf çəkdi. Bir qədər dayanaraq sonra ayağa qalxdı. Uşaq balış üzərində divanda qaldı. Mən isə əlimdə bıçaq dayanmışdım”.

Anar Bəkirov qeyd edib ki, Leyla ayağa qalxıb və onu kənara itələdikdə əlindəki bıçaqla onun kürək nahiyəsinə xatırlamadığı sayda bıçaq zərbələri endirib:

“Daha sonra Leylanı yerə yıxdım və ona “Allah keçsin günahımdan” deməsini tələb etdim. Leyla isə “eləməyəcəm, qardaşın Elvini çağır gəlsin” deyəndə səsinin çıxmaması üçün sağ əlimi onun ağzına saldım, sol əlimdə olan bıçaqla Leylanın başını kəsməyə başladım. Həmin vaxt Leyla əlimi dişləsə də, sonra artıq müqavimət göstərə bilmədi.

Leylanın başını kəsdim, sonra qardaşım Elvinin mobil telefon nömrəsinə zəng etdim. Ona Leylanı bıçaqlayaraq başını kəsdiyimi xəbər etdim. Qardaşım əvvəlcə mənə inanmadı. Məndən düz danışmağımı tələb etdi. Az sonra Elvin özünü bizə çatdırdı. Qardaşım Elvin gələnədək döşəmədə olan qan ləkələrini və qızımın qana batmış ayaqlarım yuydum. Leylanın meyitini xalçaya bükdüm. Elvin evə gələndə Leylanın meyitini gördü və nə üçün belə bir hərəkət etdiyimi soruşdu. Qardaşım daha sonra hadisə barədə dərhal polis orqanlarına məlumat verdi. Hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə gəldilər”.

Anar Bəkırov ifadəsində daha sonra göstərib ki, Leyla ilə ailə qurduqdan sonra bir müddət münasibətləri yaxşı olsa da, sonradan aralarında mübahisələr yaranıb: “Buna səbəb Leylanın sözə baxmaması, eyni zamanda xəyanət etməsi ilə əlaqədar olub. Həmin mübahisələr zamanı Leylanı hətta bir-iki dəfə şillə ilə vurmuşam.

Leyla ilə ailə qurmazdan əvvəl onun kiminləsə telefonla yazışdığını görmüşəm. Onda son dövrdə cinsi problemlər yarandığından onunla cinsi əlaqədə ola bilməmişəm. Ona görə arvadımın mənə xəyanət etməsinə şübhələrim yaranıb.

Onu çox sevdiyimdən mənə xəyanət etməsini istəmədiyim üçün onu öldürmək qərarına gəldim. Hadisəni törədərkən evdə Leyla və azyaşlı qızım Əsmadan başqa şəxs olmayıb. Son vaxtlar narkotik vasitə olan marixuana, bir dəfə şüşə adlanan narkotik vasitə qəbul etmişəm. Sonralar isə bu məndə vərdişə çevrildi. Bu barədə arvadımın və ailə üzvlərimin məlumatı olub”.

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səmir Əliyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmə hökm elan edən zaman Anar Bəkirovun səhhəti ilə bağlı ittihamedici hökm çıxarmayıb. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.//teleqraf



REKLAM