Şəmkirdə atası evində əri tərəfindən yandırılan qadın ölüb
Şəmkirdə əri tərəfindən yandırılan qadın ölüb.
Sehiyye.info bildirir ki,bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əri tərəfindən yandırılan və bədəninin 70 faizi (4-cü dərəcəli) yanan qadın kritik vəziyyətdə Bakıda 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılmışdı:
"24 yaşlı qadın həkimlərin səyinə baxmayaraq, aldığı xəsarətlərdən bu gün saat 06:20 radələrində dünyasını dəyişib. Bədəninin 55 faizi (4-cü dərəcəli) dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan 54 yaşlı qadının vəziyyəti kritik idi".
Xatırladaq ki, avqustun 18-i Şəmkir rayonu, Sarıtəpə kənd sakini İlqar Məsimovun evində yanğın baş verməsi nəticəsində 2017-ci il təvəllüdlü Nicat Sadıqovun meyitinin aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Şəmkir rayon sakini 1986-cı il təvəllüdlü Elmar Sadıqov avqustun 18-i gecə saat 03 radələrində qayınatası İ.Məsimovun evinə daxil olaraq, ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ondan ayrılaraq yaşayan 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə benzin gətirib. E.Sadıqov benzini yatmış halda olan qayınanası 1964-cü il təvəllüdlü Səltənət Məmmədova və M.Məsimovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırıb. Nəticədə həmin vaxt evdə olan E.Sadıqovun yatmış azyaşlı oğlu 2017-ci il təvəllüdlü Nicat Sadıqov ölüb, M.Məsimova və S.Məmmədova isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29, 120.2.7-ci ( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunub. E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.