“İçəri girən kimi soruşdular: pulunuz var?...” - Koronavirusa yoluxan ukraynalı jurnalist
Ukraynanın “5-ci kanal” televiziyasının əməkdaşı, bir qrup xarici jurnalistlə birlikdə Azərbaycana gələn və işğaldan azad edilmiş ərazilərdən reportaj hazırlayan Yevgeniya Kitayeva ezamiyyət zamanı koronavirusa yoluxub. Və Bakıdakı xəstəxanalardan birində müalicə olunub.
Kitayeva ölkəsinə qayıdandan sonra virusdan necə müalicə olunduğu haqda danışıb. Bildirib ki, iki həftəyə yaxın Bakıdakı yeni tikilmiş xəstəxanalardan birində müalicə olunub. Və azərbaycanlı həkimlərin koronavirusa yanaşması onu müsbət mənada heyrətləndirib. Çünki Azərbaycanda hətta yüngül simptolu xəstələri də ləngimədən xəstəxanaya yerləşdirirlər, Ukraynada isə belə deyil. Onlara evdə müalicə tövsiyə edirlər.
Jurnalist danışır ki, Bakıdan uçmazdan iki gün əvvəl bütün qrup koronavirus testi vermişdi. Yevgeniyada testin nəticəsi müsbət olub. “Təcili yardım maşını gəldi, içindən iki “mələk-kosmonavt” çıxdı və dedi: “Yevgeniya Kitayeva, xahiş edirik əyləşin. Bu qorxulu idi, mən sadəcə olaraq şokda idim”.
Bir saat sonra onu Bakıda yeni açılmış klinikalardan birinə aparıblar. “Mən əlimdə çantalarla qeydiyyata yaxınlaşıram. Məndən soruşurlar: pulunuz var? Beynimdə hesablamağa çalışıram, nə qədər pulum var deyə. Deyirəm: nə qədər lazımdır? Onlar deyirlər: yox, pul bizə lazım deyil, əgər bizə pasiyent cibində pulla gəlirsə biz o pulu götürüb saxlayırıq, çünki korrupsiya ilə belə mübarizə aparırıq. Bəs sizdə qızıl da var? Onu da götürəcəyik”,-ukraynalı jurnalist bildirir.