sehiyye.info

"Bu yolla hər şeyi əldə edə bilərik" - Qorxunc xəstəliyə qalib gələn amerikalı yoq ilə MÜSAHİBƏ

"Bu yolla hər şeyi əldə edə bilərik" - Qorxunc xəstəliyə qalib gələn amerikalı yoq ilə MÜSAHİBƏ
Qadın dünyanın sevgi qaynağıdır. Bir ovuc qəlbində kainat boyda yük daşıyacaq qədər cəsur, saf məhəbbəti ilə buz ürəkləri əridəcək qədər mərhəmətlidir. Bəzən bahar mehi qədər xəfif, bəzən ləpələri sahilə çırpılan dəniz qədər təlatümlüdür, qadın. O, Yaradanın yer üzündəki nəfəsidir. Çünki özü də yaradandır.

Beynəxlaq qadınlar günü ərəfəsində həmsöhbətim, dövrümüzün ən güclü, cəsarətli xanımlarından biri, məşhur amerikalı yoqa ustası Lesli Qreydir.



Publika.az Lesli Qreylə müsahibəni təqdim edir:

- Əzizim Lesli, vaxtınız məhdud olsa da təklifimi rədd etməyib, müsahibəyə razılaşdığınız üçün öncədən minnətdaram.

- Buyurun əzizim. Çox xoşdur.

- Bakıya ilk səfərinizdir?

- Yox, Bakıya tez-tez gəlirəm. Bu şəhərlə sıx əlaqəm var. Yoqa birliyi tərəfindən də mütəmadi olaraq dəvət edilirəm. Həm yoqa mütəxəssisiyəm, həm də inzibatçı...

- Hazırda Qətərdə yaşayırsınız?

- Virciniya ştatında doğulub, böyümüşəm. Universiteti Abu Dabidə bitirib, yenidən Amerikaya qayıtdım. Sonra isə Qətərə qayıdıb, orada yoqa müəllimi kimi fəaliyyətə başladım.

- Lesli, bilirəm ki, yoqa həyatınızda bir çox şeyi dəyişib. Kifayət qədər çətin mübarizədən keçmisiniz...

- Hələ 10 yaşım vardı, mənə onurğa sütunun skoliozu diaqnozu qoyuldu. Bu onurğanın deformasiyasıdır. Özü də get-gedə xəstəlik irəliləyir və şiddətli ağrılar başlayır. Valideynlərim o qədər narahat idilər ki, əllərindən gələn hər şeyi etdilər. Lakin heç bir müalicə istənilən nəticəni vermədi. Əməliyyat da olundum. Beləcə, illər keçdi və universitetə daxil oldum. Həkimimin yanına gedib, həyatımı dəyişəcək bir əlac istədim. Çünki böyüdükcə ağrılarım da güclənirdi. Mənə dedi ki, sənin yeganə əlacın yoqadır. "Bu xəstəlikdən səni yalnız yoqa həyata qaytara bilər", - deyə həkimim bildirdi. Elə o vaxtdan məni bu möcüzə yaşadır. Yoqadan sonra şiddətli ağrılarım get-gedə azaldı. Özümü tam insan kimi hiss etməyə başladım. Lakin bildiyiniz kimi skolioz mürəkkəb diaqnozdur. Ondan tam yaxa qurtarmaq olmur. Odur ki, iki il öncə yenidən əməliyyat keçirdim.

- Bu müddətdə artıq yoqa dərsləri verirdiniz?

- Əlbəttə. Özü də etiraf edim ki, əməliyyat olduqca çətin keçdi. Bütün enerjim tükənmişdi. Özümü çox zəif və köməksiz hiss edirdim. Artıq əzələlərim də gücdən düşürdü. Onda bir daha əmin oldum ki, yoqa bizi nəinki fiziki, həm də mənəvi cəhətdən formada saxlayır. Bilirsiniz, şəxsi təcrübəmdən deyə bilərəm ki, mənən nə qədər güclü olsaq, fiziki ağrını daha az hiss edirik. Əməliyyat ərəfəsində yoqadan tam uzaq qaldığım üçün sanki ruhum zəifləmişdi. Həm də Amerikada idim. Qətərdəki studiyamdan, tələbələrimdən uzaqda olmaq məni daha da üzürdü. Studiyadakı digər ustalar tez-tez zəng vurub, maraqlanırdılar. Hər dəfə ümidsiz halda bir daha məşqlərə geri dönə bilməyəcəyimi bildirirdim. Onlar mənə ruh verirdilər: yox, sən mütləq geri dönüb, yenidən başlamalısan, deyirdilər. Əməliyyatdan altı ay sonra cərrahımla danışıb, Dohaya döndüm. Dedi ki, artıq yavaş-yavaş məşqlərə başlaya bilərsən.

- Və siz sanki oxuyub-bitirdiyiniz kitabın ilk səhifəsinə döndünüz...

- Çox gözəl təsvir etdiniz. Eynən belə oldu. Sanki başqa insan idim. Ən adi hərəkətləri yenidən körpə kimi öyrənməyə başladım. Təsəvvür edin, ağrıdan əlimi başıma da apara bilmirdim. Bu, çox dəli hisslər idi. Addımbaaaddım yenidən irəlilməyə başadım.

- Bu qədər güclü qadınının zəif cəhəti heçmi yoxdur?

- Eqomla daim mübarizədəyəm. Bəzən özümlə bağlı güvənsizliyim olur. Yeni, daha mürəkkəb pozaları sınaqdan keçirməkdə ehtiyat edirəm. Amma dediyim kimi, yoqa yalnız bədəni deyil, xarakteri də tərbiyə edir.

- Yoqaya başlamaq istəyənlərə ilk tövsiyəniz nə olur?

- Bilirsiniz, insan yoqa ilə məşğul olarkən, yanındakı insanlara baxması qadağan edilir. Çünki sən ətrafındakılara baxıb, bəzən öz gücsüzlüyünün fərqinə varırsan, bu da səni ruhdan sala bilər. Həyatda da belədir. İnsan çalışmalıdır ki, yalnız öz gücü üzərində fokuslansın. Özünə güvənsin. Bacarığını başqaları ilə müqayisə etməsin. Yalnız bu zaman mümkünsüz görününən hər şeyi əldə edə bilərik. Bu müdrikliyə çatmaq üçün də mütəmədi yoqa ilə məşğul olmaq lazımdır. Ona görə yer üzündə yaşayan hər kəsə yoqa dünyasının bir üzvü olmağı arzu edirəm. Yalnız bu zaman bəşər daha da mükəmməlləşəcək.

- Uzun müddətli təcrübənizə əsaslanıb, deyə bilrsinizmi, yoqaya ən çox kimlər üz tutur?

- Mənim kimi səhhətində problemi olan gənclər, gərgin iş qrafiki ucbatından daim yorğun gəzən insanlar, artıq çəki ilə mübarizədə aciz qalanlar və əlbəttə ki, yeni dostlar qazanmaq istəyənlər.

- Dərslərinizdə ən çox nəyə nail olmaq sizə zövq verir?

- Ən böyük arzum insanların özlərini tam rahat hiss edəcəkləri bir ortam yaratmaqdır. Gördüyünüz kimi, özümün də səhhətimdə problem var. Ona görə də çalışıram ki, artıq kilosu ucbatından depressiaya düşən gənc qızlar özünü ideal çəkisində, fiziki qüsuru olan gənclər özünü dünyanın ən yaraşıqlı oğlanları kimi hiss etsin və s.

- Bəs özünüz nədən, yaxud kimdən ilhamlanırsınız?

- İlham qaynağım nənəmdir, anamın anası... Onun 89 yaşı var, amma olduqca gümrah və gənc görünür. Bundan başqa yoqa müəllimlərimin əzmindən də ruhlanıram.

- Bir amerikalı üçün ərəb ölkəsində yaşamaq çoxmu çətindir?

- Əsla. Mədəniyyətlərin vəhdətini sevirəm. Şərqin də qərbin də özünəxas üstünlükləri və müdrikliyi var.

- Ərəblər yoqaya necə yanaşırlar?

- Ərəblər daim inkişaf etmək istəyən xalqdırlar. Onlar beynəlxalq təcrübələrə daim hazırdırlar. Amma şərq ölkəsində bir qadın müəllimə kimi kişilərə yoqa öyrətmək elə də asan deyil (gülür).

- Lesli, ailəlisiniz?

- Bəli, amma övladım yoxdur.

- Sizin üçün nirvana nədir?

- Tanrını hiss etmək...

- Tanrını hiss etmək nə deməkdi?

- Bir ovucluq ürəyinizdə kainata bəs edən sevgini daşıdığınızı anlamaq (kövrəlir).

- Lesli, sonda bizə nə dəmək istərdiniz?

- Bakı mənim ikinci doğma şəhərimdir. İnsanlarınızın gözlərindəki parıltı mənə müsbət enerji verir. Gələcəkdə Bakıyla bağlı layihələrim gözlənilir. Sizi də yoqa dərslərimdə görməyi arzulayıram.

- Təşəkkürlər əzizim, mütləq gələcəm.



REKLAM