Peyvənddən əvvəl və sonra nələrə diqqət etmək lazımdır?
Peyvənd vurulmamışdan əvvəl ən azı bir sutka qabaqcadan, peyvənd vurulandan da sonra ən azı bir, iki sutka spirtli içki qəbul edilməməlidir. Vaksinasiyadan əvvəl və sonra allergiyaya səbəb olan qidalardan imtina edilməlidir. Bu şərtlərə əməl olunması çox vacibdir, bu barədə AzərTAC-s həkim–infeksionist Namiq Nəbiyev məlumat verib.
"Təəssüf ki, COVID-19 infeksiyası başlayanda onun mövcudluğunu qəbul etməyənlər və indi ona qarşı vaksinasiya prosesinin gedişində də peyvəndlərə inamsız yanaşanlar, onun qoruyuculuğuna etibar etməyənlər var. Həmsöhbətimiz həmin mövzuda bunları qeyd edib: "Belə "maarifləndirici” söhbətləri əsasən qeyri-ixtisas sahibləri aparır və müəyyən əhali təbəqəsi arasında inamsızlıq yaratmağa çalışırlar. Məhz elə bu inamsızlıq sayəsində indiyədək 3200-dən çox vətəndaş itirmişik. Peyvənd virusların yayılmasının qarşısını alan yeganə vasitədir. Onun tətbiqinin alternativi yoxdur.
Noyabr-dekabr aylarında hər gün 4500, bəzən 5 minə yaxın yoluxma halı baş verirdi. Şükürlər olsun ki, indi bu rəqəmlər 100-ün üzərindədir və lap yaxın vaxtlarda yoluxma sayının ikirəqəmli ədədə düşəcəyini arzu edirik”, - deyə həkim vurğulayıb.
Özünün peyvənd olunub-olunmaması barədə məlumat verən həkim-infeksionist deyib:
"Mən də, həyat yoldaşım da ötən il COVID-19-a yoluxmuşduq. Tibb işçilərinin vaksinasiyası zamanı Qanköçürmə və Transfuziologiya İnstitutunun laborantları bizdən müayinə götürdülər və məlum oldu ki, məndə virusa qarşı anticisimlər yüksək olduğuna görə peyvənd vurdurmağa ehtiyac yoxdur. Lakin həyat yoldaşımda həmin göstəricilər aşağı olduğuna görə ona peyvənd olundu”.
"Anticisimlərin 4-6 ay orqanizmdə qaldığı güman edilir. Lakin öz təcrübəm və eləcə də, ətrafda infeksiyanı keçirən tanıdığım adamların müayinəsi göstərir ki, həmin müddət ən azı 8 ay da davam edə bilər. Məsələn, xəstəliyi apreldə keçirsəm də, indiyədək orqanizmimdə infeksiyaya qarşı qoruyucu anticisimlər var. Ona görə də konkret müddət göstərmək çətindir. Şübhəsiz ki, bu orqanizmdən asılı olaraq immunitet həm də fərdi xarakter də daşıyır, bəlkə də anticisimlərin yaşama müddəti bir ilə qədər davam edir.
İldə bir dəfə qripə qarşı peyvənd vurulur. Onun vurulması il ərzində qripə yoluxmaq təhlükəsini arxada qoyur. Artıq insanların genetik kodlarında COVID-ə qarşı da uyğuynlaşma gedir. Müqayisə etsək görərik ki, keçən ilin fevral-mart aylarındakı vəziyyətlə indiki dövr arasında çox böyük fərq var. Zaman keçdikcə ona öyrəşmə baş verir və insanlar onu adi qəbul edirlər. Ömürlük bizimlə yol yoldaşı olan bu virus da qrip kimi adiləşəcək”, - deyə peyvəndlərin qoruyuculuq müddəti haqqında danışan həkim-infeksionist bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi nikbin proqnozlara görə, koronavirusun "Britaniya ştammı” sürətlə yayılsa da, yeni dalğaya səbəb olmayacaq. Son vaxtlar həmin narahatlığa səbəb olan mutasiyaya toxunan müsahibimiz deyib:
"Çin istehsalı olan peyvəndin həmin mutasiyanın qarşısını tamamilə aldığı və geniş yayılmasına imkan vermədiyi sübut olunub. Türkiyədə 127 xəstədə "Britaniya ştammı” aşkarlanıb. Çin istehsalı olan peyvəndin tətbiq edilməsi onun yayılmasının qarşısını aldı. Ona görə çəkinmədən, tərəddüd etmədən peyvəndi vurdurmaq və bununla da həm özümüzü, həm də cəmiyyətimizi narahat edən bu bəladan xilas olmaq lazımdır”.