ATUREK-8 konfransına 120-dən çox elmi iş təqdim olunub
Azərbaycanda yüksək ixtisaslı tibbi kadr hazırlığında müstəsna əhəmiyyət daşıyan rezidentura təhsilinə 2011-ci ildən başlanılıb. 2013-cü ildən isə Azərbaycan Tibb Universiteti (ATU) rezidentura üzrə ilk məzunlara həyata vəsiqə verib. İndiyədək ölkə üzrə 1454 rezident məzun olub.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Rezidentlərin VIII Elmi-Təcrübi Konfransında (ATUREK-8) məlumat verilib. Konfransın məqsədi tibbin müxtəlif sahələrini əhatə edən müasir biliklərin paylaşılması və müzakirə edilməsindən ibarətdir.
Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş onlayn konfransda çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, indiyədək 40 ixtisas üzrə 550-dən çox rezident məzun olub: “Məzun rezidentlərin əksəriyyəti ölkəmizin müxtəlif bölgələrində müasir diaqnostika mərkəzlərində və xəstəxanalarda əhalinin sağlamlığı keşiyində dayanır, bir qismi isə universitetin kafedralarında elmi-tədqiqat işləri və pedaqoji fəaliyyətlə məşğul olur. ATU-da təhsil alan rezidentlər arasında Rusiya, İran, Türkiyə, Qazaxıstan, İordaniya, Gürcüstan, Əfqanıstan və digər xarici ölkədən olanlar da var. Bununla yanaşı, hər il təxminən 70-80 nəfər rezidenti xarici ölkələrdə, o cümlədən Türkiyə, Almaniya, İsveç, Fransa, Amerika Birləşmiş Ştatları, İran və digər ölkələrin klinikalarında 4-10 ay müddətində rotasiyalarda olur, müxtəlif konfrans və seminarlarda iştirak edirlər”.
Professor Gəray Gəraybəyli ATUREK iştirakçılarını Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə münasibətilə təbrik edərək diqqəti bioloji müharibəyə – yeni növ koronavirusla (COVID-19) mübarizəyə yönəltməyin vacib olduğunu bildirib. Rektor qeyd edib ki, il ərzində Azərbaycan Tibb Universitetinin klinika və həkimləri pandemiya ilə mübarizənin ön sırasında fəaliyyət göstərərək təhlükəli infeksiyaya yoluxan yüzlərlə insan həyatını xilas edərək onları sağlamlığa qovuşdurublar və bu şərəfli işi yenə də davam etdirirlər.
ATU-nun rezidentura şöbəsinin müdiri professor Nailə Sultanova öz çıxışında gənc ixtisasçı həkimlərin elmi və təcrübi cəhətdən tam formalaşması üçün elmi praktik konfransların keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib və bu mənada ATUREK-9-un də böyük əhəmiyyətə malik olduğunu bildirib. Professor Tibb Universitetinin klinikalarında rezidentlərin uğurlu təhsili və praktiki fəaliyyəti üçün yaradılan hərtərəfli şərait haqqında məlumat verib, həmçinin COVID-19-la aparılan amansız savaşda rezidentlərinin yaxından iştirakı, onların peşəkar həkimlərlə yanaşı çalışmaları, xəstələrə yüksək səviyyədə qulluq etdikləri barədə bəhs edib və universitetin professor-müəllim heyətinin, tələbə, rezident və magistrlərinin hər bir sınaqdan uğurla çıxacağından əmin olduğunu söyləyib.
Onu da qeyd edək ki, bu il konfransa 28 ixtisas üzrə 128 elmi iş təqdim edilib və onların 30-u ATU-da təhsil alan magistrlərə məxsusdur.
Konfransda “COVID-19-la mübarizədə rezidentlərin rolu”, “COVID-19-un differensial diaqnostikası” və “COVID-19-a yoluxmuş xəstələrin ağırlıq dərəcələrinin qiymətləndirilməsi” mövzularında müzakirələr aparılıb, təbabətin aktual problemləri barədə elmi-tədqiqat işləri dinlənilib.