14 günlük karantin hansı andan hesablanır? - TƏBİB-dən CAVAB
Azərbaycanda koronavirus testlərinin nəticələri bəzən bir günə bəlli olsa da, 4-5 gün ərzində də vətəndaşlara verilə bilir.
Məsələn, saytımıza müraciət edən A.Qasımov bildirib ki, verdiyi testin cavabı 5 günə bəlli olub:
“Noyabr ayının 25-i test vermişdim. Cavab isə mənə 30-u gəldi. Test nəticəm pozitiv çıxdığı üçün müalicə olundum və sağaldım. Hazırda özümü yaxşı hiss edirəm, ancaq evdən kənara çıxmağımla bağlı hələ də mənə qadağa var. Testi 25-i verdiyimdən təcrid üçün nəzərdə tutulan 14 günüm tamamlanıb. Ancaq zəng edəndə mənə bildirirlər ki, evdən kənara çıxmağıma məhdudiyyət var”.
Lent.az məsələyə aydınlıq gətirmək üçün Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxışla əlaqə saxlayıb. O bildirib ki, vətəndaşların özlərini təcrid müddəti cavab çıxdığı gündən hesablanır:
“Nəticə bəlli olduğu gündən sonra xəstələrə yaşayış yerlərini tərk etməyə icazə verilmir. 14 gün bitdikdən sonra isə vətəndaşlar özəl klinikalarda ödənişli olaraq test verərək sağaldıqlarından əmin ola bilərlər”.